Ölkənin ən böyük humanitar təşkilatı olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) humanitar fəaliyyətin bir çox istiqamətləri ilə yanaşı, miqrasiya problemləri ilə bağlı layihə və tədbirlər həyata keçirir. Miqrasiya ilə bağlı fəaliyyət əhatəsini bir az da genişləndirən Milli Cəmiyyət 2013-cü il oktyabr ayının 1-dən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Baş Qərargahında miqrantlara təmənnasız Azərbaycan dili kursunu açdı. Dərslər artıq neçə ildir ki, uğurla davam edir və hər il onlarla miqranta 9 aylıq təhsilin sertifikatı təqdim edilir. Miqrantlar cəmiyyətin keçirdiyi tədbirlərdə mütəmadi olaraq iştirak edirlər.
Bu dəfə də Yeni ilin qarşılanması və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə 28 dekabrda Azərbaycan dili kursunun müəllimi Sona Hacıyevanın təşəbbüsü ilə maraqlı şənlik təşkil edildi. Tədbiri giriş sözü ilə açan müəllimə bütün iştirakçıları cəmiyyətin prtezidenti cənab Novruz Aslanovun və Aypara kollektivi adından təbrik edərək onlara və bütün dünya miqrantlarına sülh və əminamanlıqla dolu bir Yeni il arzuladı. Bu gün eyni zamanda miqrant şagirdlər üçün Əlifba bayramı kimi də çox sevincli idi. 60-a yaxın miqrant bu şənlikdə fəal iştirak edərək, azərbaycan, əfqan, pakistan və ingilis dilində vətənə, yeni ilə aid şerlər, mahnılar söylədilər, rəqs etdilər.
BMT-nin Qaçqın Qadın və Gənclər Mərkəzinin rəhbəri Afət Yunusova, menecer Vasif Məmmədov, icma liderləri Mehriban Əhmədova və Şüqbant Tazbiyeva da bayram təbrikləri söylədilər və Qızıl Aypara Cəmiyyətinin bütün rəhbər və işçi heyətinə təşəkkür edərək uğurlu il arzuladılar.