Ötən həftə yağan intensiv leysan yağışları qısa müddətdə Daşkəsən, Gəncə, İsmayıllı, Qəbələ, Şamaxı, digər şəhər və kəndlərdə güclü dağıdıcı selə və çaylarda daşqınlara səbəb olub.
Gəncədə gölün bəndi dağılıb evlər 1 metrə qədər su altında qalib və 50-60 ev zərər çəkib. Qiymətləndirmə nəticəsində daha çox zərər çəkmiş 25-30 evin yardıma daha çox ehtiyacı var.
Daşkəsən şəhərində rayonun Qabaqtəpə, Əmirvar, Gurbulaq, Dəstəfur, Alaxançallı, Xoşbulaq, Çovdar, Çanaqçı və Qaraqullar kəndlərində çaylar məcrasından çıxaraq daşıb. Rayonun yol infrastrukturu, elektrik xətləri, fərdi yaşayış evləri, əkin sahələri və heyvandarlığa ciddi ziyan dəyib. Dağlardan iri qaya parçaları və palçıq kütlələri avtomobil yollarına töküldüyündən nəqliyyatın hərəkəti məhdudlaşıb. Bəzi yaşayış evlərinə su dolub.
Qəbələ Uludaş kəndində 10-a yaxın evi su basıb və çoxlu sayda əkin sahələrinə ziyan dəyib.
İsmayıllıda yol infrastrukturuna ciddi ziyan dəyib, kəndlərlə əlaqə kəsilib. Dağdan daş axını baş verib və bir neçə yaşayış yerini sel dağıdıb. 15-20 ev sel nəticəsində zərər çəkib.
Şamaxıda yol infrastrukturuna ciddi ziyan dəyib, kəndlə əlaqə məhdudlaşıb. Kənd daxilindəki yollar da seldən və daşqınlardan zərər çəkib. Digər rayonlardan fərqli olaraq Şamaxının rayonunda və kəndlərində fərdi yaşayış evlərinə yüngül ziyan dəyib.