Beynəlxalq Hərəkat

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) – qərəzsiz, neytral və müstəqil təşkilatdır. Onun əsas humanitar məqsədi- hərbi münaqişələr və zorakılıq qurbanlarının həyat və ləyaqətlərinin qorunması və onlara yardımın göstərilməsidir. O, münaqişələr zamanı Hərəkatın həyata keçirdiyi beynəlxalq humanitar aksiyaları istiqamətləndirir və koordinasiya edir. 1863-cü ildə yaradılmış Beynəlxalq Qızıl Xaç Komitəsi eyni zamanda Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının banisidir. Onun məqsədi həmçinin beynəlxalq humanitar hüququn və universal humanitar prinsiplərin inkişafı və möhkəmləndirməsi yolu ilə insan iztirablarının qarşısını almaqdır
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (BQXQACF) dünyada ən böyük humanitar təşkilat kimi insanlara heç bir milli və ya irqi fərq qoymadan, dini mənsubiyyəti və ya siyasi əqidəsindən asılı olmayaraq yardım edir. Federasiyanın əsas məqsədi- yer kürrəsində ən zavallı və ehtiyacı olan insanların vəziyyətini yaxşılaşdırmaqdır.1919-cu ildə yaradılmış Beynəlxalq Federasiya özündə dünyanın 186 ölkəsinin Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərini birləşdirir. Federasiya təbii və texnogen fəlakət qurbanlarına, qaçqınlara beynəlxalq yardımı göndərir və koordinasiya edir, həmçinin, səhiyyənin təxirəsalınmaz problemlərinin həllində fəal iştirak edir. Humanitar yardımla yanaşı, Federasiya milli cəmiyyətlərin və onların vasitəsi ilə ayrı-ayrı vətəndaşların imkanlarının möhkəmlənməsi və inkişafı üçün iş aparır. Beynəlxalq arenada Federasiya ona daxil olan cəmiyyətlərin, üzvlərinin rəsmi təmsilçisi kimi çıxış edir. O, Milli Cəmiyyətlər arasında əməkdaşlığı inkişaf etdirir və onların təbii fəlakətlər, səhiyyə və sosial proqramlara hazırlıq sahəsində imkanlarını möhkəmləndirir.
Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri öz dövlət orqanlarına humanitar fəaliyyət sahəsində yardımçı rolunu oynayır və onları təbii fəlakətlər zamanı yardımın göstərilməsi, səhiyyə və sosial proqramlarda iştirak kimi bir sıra xidmət speterləri ilə tə,min edir. Hərbi əməliyyatlar zamanı milli cəmiyyətlər zərər çəkmiş mülki əhaliyə köməklik göstərir və ehtiyac olduqda onları tibbi xidmətlə tə,min edir.Federasiyanın əsas qüvvəsini dünyanın demək olar ki, bütün ölkələrini əhatə edən milli cəmiyyətlərin unikal şəbəkəsi təşkil edir. Milli Cəmiyyətlər arasında olan mövcud əməkdaşlığın sayəsində Federasiya ehtiyacı olanlara köməklik göstərir. Bütövlükdə Milli Cəmiyyətlər hər il 233 milyon insana yardım göstərən 105 milyon könüllü və 300 min əməkdaşı öz sıralarında birləşdirir.

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının bütün tərkib hissələri öz fəaliyyətlərində Fundamental Prinsipləri rəhbər tutur: insansevərlik, qərəzsizlik, neytrallıq, müstəqillik, könüllülük, vahidlik və universallıq. Bütün Qızıl Xaç və Qızıl Aypara Hərəkatının fəaliyyətinin bir məqsədi var: diskriminasiyasız bədbəxtliyə düçar olmuşlara köməklik göstərmək və bununla bütün dünyada sülhün bərqərar olmasını möhkəmləndirmək.

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.