Gənclər komitəsi

Gənclər Komitəsinin yaranma tarixi.Təməli 1920-ci ildə Fətəlixan Xoyski və General-Leytenant Əliağa Şıxlinski tərəfindən qoyulmuş Azərbaycan Qızıl Aypara Cəmiyyəti (Qızıl Aypara) yarandığı gündən Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının (Hərəkat) humanist yönümlü fəaliyyətini özündə əks etdirən işlərlə məşğuldur. Əhalinin ən zavallı təbəqələrinə əl tutmaq, onlara humanitar sahədə köməklik etmək Qızıl Ayparanın spesifik fəaliyyəti hesab olunur. Yarandığı vaxtdan bu günə kimi, Qızıl Aypara Hərəkatın fəaliyyətlərinə, prinsiplərinə uyğun olaraq gənclərlə də müxtəlif işlər görmüşdür. Hal-hazırda Qızıl Aypara öz ətrafında 16 mindən çox könüllünü birləşdirir. Bu könüllülərin 80%-ni gənclər təşkil edir. Qızıl Aypara Cəmiyyəti müntəzəm olaraq bütün regionlardan olan gəncləri öz ətrafında birləşdirərək gənclərin humanitar sahəyə cəlb olunması istiqamətində görüşlər, seminarlar, tədbirlər həyata keçirmişdir. Belə ki, 2003-cü ildən başlayaraq Qızıl Aypara Respublika üzrə özünün gənclər şurasını yaratmışdır. Yaranmış şuranın əsas işi ildə bir neçə dəfə Bakıda və digər şəhərlərdə görüşlər keçirərək regionlarda gənclərin üzləşdiyi problemlərin həll edilməsi istiqamətində müzakirələr etmək və gənclərin Qızıl Aypara vəsitəsi ilə bu problemlərin yoluna qoyulması vasitələri araşdılırdı. Qızıl Aypara Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Sabirabad, Naxçıvan şəhərlərində gənclərin asudə vaxtlarını səmərəli keçirilməsi və onların Qızıl Aypara fəaliyyətlərinə aktiv qoşulması üçün “gənclər klubları” yaratmışdır. Qızıl Aypara gənclərlə həyata keçirdiyi belə əhəmiyyətli fəaliyyətləri genişləndirmək üçün getdikcə daha güclü koordinasiyaya ehtiyacın olmasını nəzərə alaraq Cəmiyyətin Rəyasət Heyətində Cəmiyyətin Prezidenti cənab Novruz Aslanovun sədrliyi ilə 29.10.2004-cü il tarixdə keçirilmiş iclasda Gənclər Komitəsini təsis etmişdir. Azərbaycan Qızıl Aypara Cəmiyəti Gənclər Komitəsinin əsas məqsədləri.

  • Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatını rəhbər tutaraq gənc insanlar arasında könüllülük hərəkatının inkişafı;
  • Gənclər arasında humanitar dəyərlərin aşılanması;
  • Gənclər arasında sülh, qarşılıqlı hörmət və anlaşma ideyalarını geniş şəkildə yaymaq;
  • Gənclərin asudə vaxtlarının səmərəli keçməsi məqsədilə, maarifləndirmə, sağlam həyat tərzinin formalaşması və mənəvi rifahın yüksəlməsi sahəsində aparılan lazımi fəaliyyətlər.

 

Azərbaycan Qızıl Aypara Cəmiyəti Gənclər Komitəsinin əsas vəzifələri. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təhsil ocaqlarında fəaliyyət göstərən ilk Təşkilatlarında, Komitələrində və ümumiyyətlə, uşaq və gənclər arasında Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının fəaliyyətlərini; Beynəlxalq Humanitar Hüququn ideya və prinsiplərini; Azərbaycan Qızıl Aypara Cəmiyyətinə gənclərin və könüllülərin daha efektiv cəlb olunmasını, onların işinin düzgün koordinasiyasını təşkil etməkdir.
Gənclər Komitəsinin Əsasnaməsində prioritet sahələr:

  • Gənclər arasında fiziki sağlamlığın təmin edilməsi məqsədilə idman tədbirlərinin geniş şəkildə təşkili;
  • Gənclər arasında gigiyena, təmizlik və təbiətin mühafizəsi işlərinin təşkili;
  • Məktəblilər və uşaqlar arasında yol təhlükəsizliyi və fövqəladə hallarda vacib olan qaydaları yaymaq;
  • Gənclər arasında HİV/AİDS xəstəliyinə tutulmanın təhlukəliyi barədə təlimlər, narkomaniya, spirtli içkilərin qəbul edilməsinin qarşısının alınması yolları;
  • Gənclər arasında musiqi, rəsm və ədəbi-bədii incəsənətin təbliği;
  • Gənclər arasında ilk yardım təlimlərinin keçirilməsi;

 

Bizim fəaliyyətlərimiz:
Yarandığı vaxtdan bu günə kimi Gənclər Komitəsi öz əsasnaməsinə uyğun olaraq müxtəlif səpgidə təlimlər və bir çox tədbirlər reallaşdırmaqdadır. Belə ki, Gənclər Komitəsi bir çox ali və orta məktəblərdə, eləcə də digər təhsil ocaqlarında mövcud olan Qızıl Ayparanın İlk Təşkilatları və Komitələrində gənclərlə müntəzəm görüşlər keçirir. Gənclər Komitəsinin təşkilatçılığı ilə bu təhsil ocaqlarında şagird və tələbələrlə yüksək səviyyəli təlimlər təşkil olunur. Həmin proqramla respublika ərazisində fəaliyyət göstərən tədris ocaqlarında Gənclər Komitəsi tərəfindən geniş şəkildə maarifləndirmə işləri, eyni zamanda tələbələrlə müvafiq mövzular ətrafında müzakirələr etmək üçün görüşlər təşkil olunur.
Gənclər Komitəsi gənc könüllüləri Beynəlxalq Humanitar Dəyərlərin yayımını və HİV/AİDS-lə mübarizə üzrə yayım işini təhsil ocaqlarında şagirdlər arasında aparmaq üçün 2005-ci ildə “Ulduz Təlimatçılar” layihəsini həyata keçirmişdir. Layihə çərçivəsində ümumilikdə 8 gənc könüllü BHD-in yayımı üzrə, 8 gənc könüllü isə HİV/AİDS-lə mübarizə üzrə maariflənmə kursunu bitirərək Gənclər Komitəsi tərəfindən sertifikat əldə etmişlər. Layihə çərçivəsində Bakı şəhərindən 6 məktəbdə şagirdlərlə “Ulduz Təlimatçılar” tərəfindən tam maarifləndirmə işləri aparılmışdır.
Gənclər Komitəsi təhsil ocaqlarında mütəmadi olaraq idman yarışları ilə bağlı qızıl Ayparanın İlk Təşkilatları və Komitələri arasında turnirlər təşkil edir. Keçirilən turnirlərdə qaliblər Gənclər Komitəsi tərəfindən müxtəlif tərifnamələrlə təltif olunur, turnir iştirakçılarına hədiyyələr təqdim olunur.
Gənclər Komitəsinin həyata keçirdiyi humanist və səmərəli fəaliyyətlər, təhsil ocaqlarının rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir. Universitetlərdən Gənclər Komitəsinə tələbələrin praktik fəaliyyətlərini həyata keçirmələri üçün müraciətlər daxil olur. Buna misal olaraq, Azərbaycanda özünə məxsus nüfuzu olan Qərb Universitetinin tələbələrinin hər il mütəmadi olaraq Gənclər Komitəsində praktik fəaliyyətlərinin keçirmələrini qeyd etmək olar.
Gənclər Komitəsi Azərbaycanın qərb bölgəsində yerləşən (cəbhə xəttinə yaxın) Bərdə və Fizuli rayonlarında özünün “Gənclər mərkəzlər”ini yaratmışdır. Müasir kompüter avadanlıqları və mebellə təchiz olunmuş bu mərkəzlərdə gənclər Qızıl Ayparanın və ümumiyyətlə bütün Hərəkatın fəaliyyətləri ilə yaxından tanış ola bilirlər. Gənclər Mərkəzləri könüllülərin Qızıl Ayparanın fəaliyyətlərinə daha çox qatılması üçün mühüm rol oynayır, həmçinin o rayonlarda yaşayan gənclərin kompyuter biliklərinə daha yaxşı yiyələnməsi istiqamətində də köməklik göstərir.
AİDS-lə mübarizə.
Hərəkatın əlamətdar günləri Gənclər Komitəsinin daim nəzarətindədir. Bununla əlaqədar olaraq yerlərdə müəyyən işlər görülür. Hər ayın axırı Qızıl Aypara Cəmiyyətinə yeni cəlb olunmuş könüllülər üçün HİV/AİDS treyninqi, eyni zamanda əhali arasında bu sahədə sorğular, kampaniyalar, maarifləndirmə işləri aparılır.
Belə ki, dekabr ayının 1-də “Beynəlxalq AİDS-lə mübarizə günü” münasibətilə Gənclər Komitəsi təhsil ocaqlarında AİDS-lə bağlı təbliğat xarakteri daşıyan aksiyalar həyata keçirir. Könüllülər vasitəsilə Qızıl Ayparanın AİDS-ə aid informasiya materialları təhsil ocaqlarında paylanılır və eyni zamanda yerlərdə şağird və tələbələr tərəfindən AİDS xəstəliyi barədə səhnəciklər nümayiş etdirilir.
Sosial fəaliyyətlər.
Əlil və əqli cəhətdən zəif uşaqlara, kimsəsizlərə, uşaq evlərinə, qocalar evlərinə və s. Respublikanın və Hərəkatın əlamətdar günlərində mütəmadi baş çəkmələri; (uşaqların əhval-ruhiyyələrinin yaxşılaşdırılması məqsədilə onlar üçün musiqili proqramları təşkil edilir, onlara maraqlı və əyləncəli oyunlar və s. təqdim olunur)
Müxtəlif münaqişələr nəticəsində Azərbaycanda müvəqqəti olaraq sığınacaq tapmış qaçqın və ya məcburi köçkün uşaqlara mütəmadi “Yay düşərgələri”nin təşkilini;
Gənclər Komitəsinin əməkdaşlıqda bulunduğu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin nəzdində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsində tərbiyə alan gənclərə mütəmadi başçəkmələri; (tərbiyə alan gənclərə bayram şənlikləri, idman yarışları və s. təşkili)
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin nəzdində fəaliyyət göstərən qadın cəzaçəkmə müəssisəsində bayram şənliklərinin keçirilməsini;
5-dekabr “Beynəlxalq Könüllülər günü” münasibəti ilə silsilə tədbirlərin həyata keçirilməsini; (məktəblərdə məktəbyanı sahənin yaşıllaşdırılması aksiyaları, ictimai sosial sorğular, humanitar aksiyalar, paltar və əşya yığımı aksiyaları, tələbə şəhərciklərində məskunlaşmış məcburi köçkün tələbələrlə görüşləri və s) və s. sosial istiqamətli fəaliyyətləri həyata keçirir.
Beynəlxalq Humanitar Dəyərlərin yayımı.
Gənclər Komitəsinin Beynəlxaq Humanitar Dəyərlərin (BHD) Yayımı sektoru 2006-cı ildən başlayaraq fəaliyyəttədir. Sektorun fəaliyyəti dövründə müxtəlif yaş kateqoriyasından olan uşaqlar üçün müntəzəm olaraq humanitar dəyərlərin yayımı üzrə seminarlar keçirilir.
BHD yayımı sektoru 2006-ci ildə Bakı şəhəri Nizami rayonu 1 saylı uşaq evində humanitar dəyərlərin yayımı üzrə layihə həyata keçirilmişdir. Layihə 2007-ci ilin yanvar ayına kimi davam etmişdir. Layihədə əsas məqsəd humanitar dəyərlərin yayımında yeni metodlardan istifadə edərək uşaq evində məskunlaşmış kimsəsiz uşaqları aktiv humanitar fəaliyyətə cəlb etmək olmuşdur.
BHD yayımı sektoru 2006-cı ildə eyni zamanda BHD üzrə yayım işinin daha da genişləndirilməsi üçün Gənclər Komitəsinin “Ulduz Təlimatçılar” adlı maarifləndirici layihəsini davam etdirmişdir. Bu günə qədər ümumilikdə Qızıl Ayparanın Gənclər Komitəsində 9 könüllü BHD yayımı üzrə təlimatçı kimi hazırlanmışdır.
Klub 25
2007-ci ildən başlayaraq Gənclər Komitəsi respublikada könüllü qan donorlarının sayının artırılması istiqamətində də fəaliyyət göstərmişdir.2007-ci ildə Gənclər Komitəsi ictimaiyyətə könüllü qan donorlarının sayının artırılması istiqamətində “Klub 25″ adı altında yeni bir layihə təqdim etmişdir. “Klub 25″ Respublika Qan Donorları Assosiasiyasının yaradılmasında böyük bir rol oynaya biləcək layihədir. Layihənin məqsədi gənclərin “Klub 25″-də birləşərək qan donorlarının sayının artırılması istiqamətində müzakirələr aparmaq, müxtəlif fəaliyyətlər həyata keçirmək üçün təşkil olunmuş gözəl şəraitli bir mərkəzdir. “Klub 25″in məqsədi gənc qan donorlarının sayını çoxaldıb onları Qızıl Aypara ətrafında birləşdirərək qana ehtiyaçı olan insanların yardımına tələsməkdir.
“Klub 25″ üzvü 18-dan 30 yaşınadək 25 dəfə könüllü və təmənnasız olaraq qan verməlidir.
Gənclər Komitəsi I Hesabat Seçki Konfransı.
20 noyabr 2006-cı il tarixdə Qızıl Ayparanın Gənclər Komitəsinin I Hesabat-seçki Konfransı keçirilmişdir.
Qeyd etmek lazımdır ki, Qızıl Ayparanın Gənclər Komitəsi 29 oktyabr 2004-cü il tarixdə Cəmiyyətin Prezidenti cənab Novruz Aslanovun təşəbbüsü, Rəyasət Heyətinin qərarı ilə yaradılmışdı. Gənclər Komitəsinə sədrlik müvəqqəti olaraq Cəmiyyətin HIV/AIDS proqramının koordinatoru Şaban Şayevə, sədr müavinləri vəzifələri isə Yayım Sektorunun rəhbəri Bayram Vəliyevə və hüquqşünas Ceyhun İsmayılova həvalə edilmişdi.
Konfransın məqsədi ötən 2 il ərzində Gənclər Komitəsinin gördüyü işlər haqda Respublikanın bütün regionlarından dəvət olunmuş nümayəndələrə hesabat məruzəsi təqdim etmək, komitənin əsasnaməsini təsdiq etmək, komitəyə sədri, sədr müavinlərini, idarəetmə şurasını, rəyasət heyətini və maliyyə komissiyasını seçmək idi.
Azərbaycanın hər bir bölgəsindən konfransa seçilmiş ümumilikdə Qızıl Ayparanın 170 nəfərədək gənc nümayəndəsi tədbirə dəvət olunmuşdular.
Konfransda ötən dövr ərzində Gənclər Komitəsi ilə əməkdaşlıq etmiş 80 nəfərədək yerli və beynəlxalq, hökümət və qeyri-hökümət təşkilatlarından nümayəndələr də iştirak etmişlər. Qonaqlar sırasında Qızıl Ayparanın Prezidenti cənab Novruz Aslanov və aparatın rəhbər işçiləri, Azərbaycan Texniki Universitetinin Rektoru, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin üzvü professor Havar Məmmədov, Gənclər Komitəsi ilə əməkdaşlıq etmiş Beynəlxalq Qızıl Xaç Komitəsi, Beynəlxalq Qızıl Xaç / Qızıl Aypara Cəmiyyətləri Federasiyası, Birləşmiş Millətlər Təşkilatı, Respublika Ombudsman Aparatı, SOS Uşaq Kəndləri Assosiasiyası, bir çox uşaq evləri və internatların rəhbərliyi, bir neçə məktəb direktorları, KİV və s. var idi.
Konfrans Gənclər Komitəsinin əsasnaməsini təsdiq etmiş və açıq səsvermə yolu ilə namizədliklərini yenidən irəli sürmüş Şaban Zəkay oğlu Şayevi komitəyə sədr, Bayram Vaqif oğlu Vəliyevi və Ceyhun Nizami oğlu İsmayılovu isə sədr müavinləri vəzifəsinə seçdilər.
Konfrans daha sonra əsasnaməyə uyğun olaraq komitənin İdarəetmə Şurasını (15 nəfər), Rəyasət Heyətini (5 nəfər) və Maliyyə Komissiyasını (3 nəfər) seçdi. Gənclər Komitəsinin rəhbər struktrlarına seçilən nümayəndələr komitənin formalaşmasında və fəaliyyətlərində fəal rol oynamış könüllülərdən ibarət oldu.
Qeyd: Hazırda Gənclər Komitəsinin sədri Şaban Şayev eyni zamanda Cəmiyyətin “HİV/AİDS-lə mübarizə”, sədr müavinləri Bayram Vəliyev Cəmiyyətin “Minalara Qarşı Mübarizə” və Ceyhun İsmayılov isə Cəmiyyətin “Beynəlxalq Humanitar Hüququn Yayımı” proqramının koordinatoru vəzifələrini də yerinə yetirirlər.

 

Qızıl Aypara-Gənclər Komitəsi

Qızıl Aypara həyat məktəbidirHörmətli oxucularım.

Bundan öncəki yazımda qeyd etmişdim ki, çalışacağam yazılarımı silsilə şəklində davam etdirim. Budur, yenidən sizinlə həmfikir olmağa və düşüncələrimi sizinlə bölüşməyə qərar verdim. Bu mənim 2-ci yazımdır. Hələ ki, yazılarımı çalışdığım, böyük insanlıq və xeyirxahlıq məktəbi saydığım Azərbaycan Qızıl Aypara Cəmiyyəti (Qızıl Aypara və ya Milli Cəmiyyət) haqqında yazıram. Məncə bu mötəbər cəmiyyət haqda hələ deyiləcək sözlərim çoxdur. Yazılarım Qızıl Ayparanın həftəlik buraxılan “Yeni Təfəkkür” qəzetində hələlik ayda 2 dəfə yer alır. Yazımı təkcə qəzetdə deyil Milli Cəmiyyətin rəsmi internet səhifəsinin Gənclər Komitəsi bölməsindən də oxuya bilərlər. (http://www.redcrescent.az/youth-red-crescent/az/). 1-ci məqaləmlə tanış olan dostlar, tanışlar, həmkarlarım, Qızıl Aypara Cəmiyyətinin rəhbərliyində çalışan insanlar, Cəmiyyətin yerli bölmələrində fəaliyyət göstərən sədrlərimiz, facebook sosial şəbəkəsi vasitəsilə məqaləmi oxuyanlar onu bəyəndiklərini söylədilər. Onların hər birinə ayrı-ayrılıqda təşəkkür edirəm.

 

 

Qızıl Aypara həyat məktəbidir.

Qızıl Aypara həyat məktəbidir“Mən daim fəaliyyətimdə gənclər üçün yaşıl işıq yandırır, onların hər bir təşəbbüsünə diqqətlə yanaşır, onlara daim dəstək verirəm. Bu mənim həyat amalımdır.”

Novruz Aslanov

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Prezidenti,

Millət Vəkili, fəlsəfə doktoru

Hörmətli oxucu.

Məni bu yazını yazmağa Novruz müəllimin yuxarıdakı sözləri həvəsləndirdi.

Sadə bir Azərbaycan vətəndaşı kimi bu ölkənin insansevərliyi, xeyirxahlığı aşılayan ən nəhəng qurumu olan, adını sözün əsl mənasında qürurla çəkdiyim Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (Qızıl Aypara, Milli Cəmiyyət) yüzlərlə sadə əməkdaşından biriyəm. Adım Bayram, soyadım Vəliyevdir. Adımı və soyadımı burada yazarkən onu da bilirəm ki, sonradan bu yazımı oxuyan bəzi oxucular məni tanıya biləcəklər (özümün tanınmış bir adam olmağımı demək istəmirəm, əsla, sadəcə çalışacağam ki, bu məqalə çalışdığım Azərbaycan Qızıl Aypara Cəmiyyətinin həftəlik orqanı olan “Yeni Təfəkkür” qəzetində nəşr olunsun. Bu qəzetin də oxucu kütləsi sırasında çoxlu həmkarım var ki, məni tanıyırlar). Bəlkə də bu yazımı (hələlik buna yazı adı verirəm) oxuyanlar təəccüblənəcəklər ki, bizim Bayramın yazı qabiliyyəti də var imiş (bir az özümü təriflədim deyəsən). Amma bir şeyi əminliklə bilirəm ki, bizim Qızıl Ayparanın Vitse-Prezidenti, fəlsəfə doktoru, jurnalist Qafar müəllim (Əsgərzadə) yazımı bəyənənlərdən olacaq. Dəfələrlə gördüyüm işlərlə bağlı elə həmin qəzetimizdə qısa məqalələr yazmışam və hər dəfə də bir mütəxəssis kimi Qafar müəllimdən öz yazı qabiliyyətim haqqında təriflər eşitmişəm. Bəlkə də bu, hələ özümün də dəqiq bilmədiyim yazıma başlamağımda Qafar müəllimin mənəvi dəstəyi (ruhlandırması) olmuşdur.

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.