Mərhəmət hissi insanlığın ən çox ehtiyacı olan hissdir və yaxşı ki, belə mərhəmətli insanlarımız var. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təşəbbüskar könüllüləri həmişə belə humanist addımlarla Cəmiyyətin fəaliyyətinə rəng qatırlar. Bu dəfə də Cəmiyyətdə istehsalat təcrübəsində olmuş könüllülər Gülçöhrə Abdulla və Ağarza Zeynalov öz xeyirxah təşəbbüsləri ilə 5 imkansız miqrant və yerli aztəminatlı ailəni humanitar yardım bağlaması və qurban əti və uşaqları müxtəlif oyuncaqlar və şirniyyatlarla sevindirdilər.
Tədbirdə çıxış edən Gənclər Komitəsinin sədri Türkanə Atakişiyeva təşəbbüskarları təqdim edərək onların bu xeyirxah işini alqışladı. Ailə üzvləri öz minnətdarlıqlarını təşəbbüskarlara və tədbirin təşkilatçısı AzQAC-ın Gənclər Komitəsi ilə Gənclər və Könüllülər şöbəsinə bildirdilər. Tədbirdə Azərbaycan dili kursunun müəllimi Sona Hacıyeva və Fondların artırılması şöbəsinin nümayəndəsi Soltan Məmmədov da iştirak etdilər.
Tədbirin sonunda belə xeyirxah işlərin gələcəkdə də davam etməsi hamı tərəfindən bəyənildi.