22 fevral 2019-ci il tarixində “Məktəblinin dostu” layihəsi çərçivəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları (İlk Yardım üzrə kordinator Dr. Şahin Biləndərli və İlk Yardımçı Fərid Nağızadə) tərəfindən məktəblinin dostlarına “İlk yardım” təlimləri keçirilmişdir. Təlimlərin keçirilməsində məqsəd Fövqəladə hallar zamanı şagirdlərə və məktəb heyətinə ilk yardım göstərilməsinin daha səmərəli və faydalı olmasını təmin etmək, layihə əməkdaşlarının nəzəri və praktiki biliklərini artırmaqdır.
Qeyd etmək lazımdır ki, “Məktəblinin dostu” layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə Bakı şəhərindəki 32 ümumi təhsil müəssisəsində həyata keçirilir. Layihənin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır.
Beləliklə əməkdaşlıq çərçivəsində və 2014-ci il dekabr ayında Təhsil Nazirliyi ilə bağlanışlmış Anlaşma Memorandumuna əsaslanaraq fevral ayının axırlarından mart ayının əvvəlinə qədər olan müddətdə təlimlərə start verilmişdir. Təlimlər zamanı ürək-ağ ciyər reanimasiyası, yaralar, qanaxmalar, yanıqlar, zəhərlənmə, sınıqlar, epilepsiya zamanı ilk yardım qaydaları haqqında nəzəri və praktiki məlumatlar verilir. Hər bir iştirakçıya imkan yaradılır ki, onlar aldıqları bilgiləri praktiki olaraq tədbiq etsinlər.
İlk Yardım təlimi ilə yanaşı bütün iştirakçı heyyətinə İlk Psixoloji dəstək (fövqəladə hallar zamanı və adi şəraitdə stressin idarə edilməsi) mövzusunda məruzə oxunacaq.