19 avqust – Ümumdünya Humanitar Yardım günü 11 dekabr 2008-ci ildə BMT-nin Baş Assambleyasının qətnaməsi ilə elan edilmişdir.
19 avqust 2003-cü ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Bağdaddakı qərargah mənzilində törədilən partlayış nəticəsində 22 nəfər humanitar yardım işçisi həlak olmuşdu. Ümumdünya Humanitar Yardım günü başqalarını xilas edərkən həlak olanların xatirəsini yad etmək üçün təsis edilmişdir.Humanitar yardım problemi ilə Azərbaycan Ermənistanın hərbi təcavüzünə uğradıqdan sonra üzləşmişdir. Qaçqın və məcburi köçkün problemi ortaya çıxandan bəri (1992-ci ildən başlayaraq) BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, BMT-nin digər agentlikləri, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və ümumilikdə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının müxtəlif tərkib hissələri (Beynəlxalq Qızıl Xaç Komitəsi, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası, ayrı-ayrı ölkələrin Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri) və digər beynəlxalq humanitar təşkilatlar Azərbaycanda böyük maliyyə tutumlu müxtəlif humanitar layihələr, proqramlar həyata keçirməyə başlamışdır. Ən çətin dövrlərdə – yəni ötən əsrin 90-cı illərində bu yardımlar olmasaydı, ölkəmizdə humanitar böhran baş verə bilərdi
Humanitar təşkilatlar, xüsusilə də Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı məcburi köçkünlər üçün 8 mindən çox sadə evlər inşa edib, Füzuli və Ağdam rayonlarının işğaldan azad edilmiş hissəsində 700 ev, 600 ictimai bina təmir edib, 60 orta məktəb binası, 470 məktəb binası və səhiyyə obyekti üçün əlavə otaqlar tikib. Bu təşkilatlar həmçinin 250 min məcburi köçkün üçün gəlir əldə etmək mənbələri və icmanın inkişaf proqramları təşkil edib. Ölkəmizdə bir çox beynəlxalq və yerli humanitar təşkilatlar fəaliyyət göstərməkdədir.
Son illər Azərbaycan iqtisadi inkişaf əldə etdikdən sonra humanitar yardımların istiqaməti dəyişmiş və azalmışdır. Təqribən 2000-ci ildən başlayaraq beynəlxalq təşkilatların humanitar yardımları inkişaf proqramları ilə əvəzlənməyə başlayıb. Azərbaycanın iqtisadiyyatı gücləndikcə onun özü, həmçinin ölkənin aparıcı humanitar yardım təşkilatı olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti son illər donor ölkə və təşkilat kimi çıxış edir, fəlakət və müharibə zonalarına humanitar yardım göstərir.
95 illik yubileyi ərəfəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin həyata keçirdiyi əsas fəaliyyət istiqamətləri:
– fövqəladə hallara hazırlıq və cavabvermə sahəsində təbii fəlakət riskli bölgələrdə risklərinin azaldılması üçün icmaların möhkəmləndirilməsi layihələrini;
– cəbhə bölgəsində insanların, xüsusilə də uşaq və yeniyetmələrin mina və partlamamış hərbi sursatlara rast gəlməsi risklərinin azaldılması üçün müxtəlif humanitar layihələri (uşaqlar üçün Təhlükəsiz Oyun Meydançalarının salınması);
– cəbhə bölgəsində müharibənin vurduğu zərər nəticəsində sosial durumu zəifləyən ailələr üçün İqdisadi Təhlükəsizlik layihəsini (ailələrin sosial durumunun yüksəldilməsi üçün öz istəklərinə uyğun kiçik biznesin formalaşdırılmasına maddi dəstək. Beynəlxalq Qızıl Xaç Komitəsinin dəstəyi ilə);
– tənha qocalara (sosial durumu ağır olan) vaxtaşırı olaraq (xüsusilə də milli bayramlarda) ərzaq bağlamalarının təqdim olunması;
– uşaq evlərində sakin olan uşaq, yeniyetmə və gənclərin (həmçinin ev şəraitində əlil olanlar) asudə vaxtlarının səmərəli təşkil olunması üçün müxtəlif əyləncəli və maarifləndirici, təhsil yönümlü tədbirlərin, proqram və layihələrin təşkil olunması (könüllülərin evlərdə əlil uşaqlara dərslərinin hazırlanması və s. işində dəstəyi, yay düşərgələrinin təşkil olunması və s.);
– talassemiya, hemofiliya və başqa qan xəstəliklərindən əziyyət çəkən insanların mütəmadi olaraq qanla təmin olunması üçün könüllü qan donorluğunun inkişafı layihəsi;
– gənclər və ümumiyyətlə icmalar üçün ilk yardım təlimlərinin təşkil olunması;
– müxtəlif baş verən fəlakətlər zamanı hökumətə humanitar sahədə müvafiq dəstək vermək;
– əhali arasında ictimai səhiyyə maarifi işini təşkil etmək (İİV/QİÇS, Vərəm, Tütün, yoluxucu və qeyri-yoluxucu xəstəliklər, hepatitlər və s. üzrə maarifləndirmə) və s.
Bir sözlə Azərbaycan Qızıl Aypara Cəmiyyəti bütün dünyanın humanitar yardım işçilərini və könüllüləri harada yaşamasından və kimliyindən asılı olmayaraq təhlükə altında olan insanlara kömək əlini uzatmağa çağırır.
Ölkənin aparıcı humanitar yardım təşkilatının rəhbəri olaraq Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Prezidenti, Milli Məclisin deputatı Dr. Novruz Aslanov bütün Qızıl Ayparaçıları və digər yerli humanitar yardım təşkilatlarının əməkdaşları və könüllülərini 19 avqust – Ümumdünya Humanitar Yardım (edənlər) Günü münasibətilə təbrik edir, bu şərəfli işdə onlara daha çox qüvvət və əzmkarlıq arzulayır.