Kursun əsas məqsədi şəxsi heyətin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (İNSARAG) sinifləndirilməsindən keçməyə hazırlanması, eləcə də beynəlxalq humanitar əməliyyatlarda iştiraka dair bilik və bacarıqlarının daha da artırılmasından ibarət olub.
Kursun gedişində Birləşmiş Millətlər Təşkilatının və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İcraçı katibinin müavini Səbinə Məhbubi-iran ,fövqaladə hallara hazırlıq şöbəsinin müdiri Elşən Səlimzadə Beynəlxalq Humanitar Əməliyyatlarda iştiraka dair Beynəlxalq norma və qaydalar, fəaliyyətin əsas prinsipləri, etik və həssas məsələləri əhatə edən mövzularda təqdimatları dinlənilib. Həmçinin beynəlxalq humanitar əməliyyatlarda beynəlxalq təşkilatların rolu, BMT, Qırmızı Xaç və Qızıl Aypara cəmiyyətlərinin fəaliyyətinə dair məlumatlar kurs iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbir zamanı media nümayəndələri ilə qarşılıqlı əlaqənin təşkilinə dair məsələlər müzakirə edilib, mediaya müsahibələrin verilməsi prosesi məşq etdirilib.
Tədbirin sonunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib və xatirə fotosu çəkilib.