Bu gün 18 oktyabr Azərbaycan tarixinin ən mühüm günlərindən biri olan “Dövlət Müstəqilliyi Günü”dür. Bu münasibətlə AzQAC-ın baş ofisində keçirilən iclasda müstəqilliyimizin necə əldə edildiyi haqqında ətraflı məlumat verildi.
Sözə iştirakçıları və bütün Azərbaycan xalqını “Dövlət Müstəqilliyi Günü” münasibətilə təbrik edərək başlayan AzQAC-ın prezidenti, Milli Məclisin deputatı cənab Novruz Aslanov günün əhəmiyyətindən danışdı.
Novruz Aslanov: “XX yüzilliyin sonlarında SSRİ-nin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də özlərinin müstəqillik bayrağını qaldıraraq müstəqilliyini elan etdi. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ən parlaq qələbə idi. Müstəqilliyini qazandıqdan sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşmişdi. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarına və xalqına yönəlmiş təcavüzü, digər tərəfdən isə dövlət rəhbərliyində olan səriştəsiz və təcrübəsiz şəxslərin yeritdikləri yalnış siyasət, daxildə gedən siyasi çəkişmələr müstəqilliyimizin yenidən itirilməsi təhlükəsini reallaşdırmışdı. Lakin dahi siyasətçi və böyük təcrübəyə malik olan Ulu öndər Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışı ilə bu təhlükə sovuşdu”.
Həmçinin, natiq çıxışında Ümummilli Lider Heydər Əliyevin AzQAC-a dövlət dəstəyinin göstərilməsindəki rolundan bəhs etdi. Prezident Müstəqillimiyizi elan etdikdən bir neçə il sonra qəbul edilən qərarlardan birinin də AzQAC-ın dövlət tərəfindən ölkədə rəsmən fəaliyyət göstərən yeganə milli humanitar təşkilat kimi tanınmasını xüsusi vurğuladı.