Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində Regional Mərkəzlər və Yerli Bölmələr vasitəsilə əhali arasında səhiyyə maarifləndirici tədbirlərin təşkili davam etməkdədir.
Belə ki, 2020-ci il fevral ayının 18-də, Cəmiyyətin “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində Yevlax şəhərində AzQAC-in Yevlax Rayon Bölməsinin sədri Həbibə Məmmədovanın təşkilatçılığı ilə 7 saylı tam orta məktəbin 9 sinif şagirdləri üçün sağlamlıqla bağlı seminar keçirildi. İlk öncə Yevlax Rayon Bölməsinin sədri Həbibə Məmmədova şagirdləri salamlayıb, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatın və AzQAC yaranma tarixi, Fundamental Prinsiplər, həyata keçirilən fəaliyyətlər barədə məlumatları təqdim etdi. Sonra isə AzQAC-in “İcmaya əsaslanan sağlamlıq” proqram kordinatoru Mətanət Qaraxanova şagirdlərə “Sağlam həyat tərzi” –in anlayışını, onu şərtləndirən xüsusiyyətlər, bura daxil edilən mövzular barədə məlumatları təqdim etdi. O, uşaqların sağlam böyüməsi üçün ətraf mühitin təmiz olmasının sağlam həyat tərzinin şərtlərdən biri olduğunu vurğulayaraq, uşaqları sanitar-gigiyenik qaydalara riayət olunmasına, ətraf mühitin zərərli məhsullardan təmizlənmə kompaniyalarında iştirak etmələrini tövsiyyə etdi. Bununla bağlı məktəbin müəllimi Xədicə Musayeva ətraf mühitin təmizlənməsi ilə bağlı şagirdlərin həyata keçirdiyi tədbir barədə geniş məlumatı çatdırdı. Belə ki, o cərəyan mənbəyi olan batareya daşlarının zərərli olduğu haqda məktəbdə keçirdiyi tədbirləri qeyd etdi. Məktəbin bütün şagirdlərin istifadə edilmiş batareya daşlarının toplanmasında fəal iştirakını vurğuladı. Sonra isə bu zərərli məhsulların zərərsizləşdirilməsi üçün məktəbə təhvil verilməsini də qeyd etdi.