Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti
cənab Novruzəli Aslanova
Hörmətli Novruzəli müəllim,
Ölkəmizdə humanizm dəyərlərinin, mərhəmət və xeyirxahlıq ənənələrinin inkişafında və təbliğində mühüm rol oynayan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bütün üzvlərini və könüllülərini Cəmiyyətin 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Təhsil Nazirliyi və ölkəmizin bütün təhsil işçiləri adından səmimi qəlbdən təbrik edir, dərin hörmət və ehtiramımı bildirir, şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzulayıram.
Respublikamızın ictimai və sosial həyatında Qızıl Aypara Cəmiyyəti özünəməxsus yer tutur, humanizm və könüllülük prinsiplərinə əsaslanaraq və sosial müdafiəyə ehtiyacı olan, çətinliklərlə üzləşən, əhalinin həssas qruplarından olan insanlara təmənnasız maddi və mənəvi dəstək göstərir.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti arasında səmərəli əməkdaşlığın əhəmiyyətini xüsusi qeyd etmək istərdim. Cəmiyyətin təhsil müəssisələrindəki humanitar fəaliyyəti son illərdə daha da genişlənmişdir. Təhsil alanların iştirakı ilə seminarlar, təlimlər, sessiyalar uğurla təşkil edilir, sosial və humanitar layihələr həyata keçirilir, müxtəlif mövzularda maarifləndirmə işləri aparılır. İnanıram ki, səmərəli əməkdaşlığımız bundan sonra da uğurla davam edəcəkdir.
Tarixi 100 illik yubileyi münasibətilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bütün üzvlərini və könüllülərini bir daha ürəkdən təbrik edir, gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram. Əminəm ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti nəcib və xeyirxah ənənələrinə sadiq qalaraq, bundan sonra da ölkəmizdə humanitar sahənin inkişafına, həssas qruplardan olan vətəndaşlarımızın rifahının yaxşılaşdırılmasına töhfə verəcəkdir.
Dərin hörmətlə,
Ceyhun Bayramov
Azərbaycan Respublikasının Təhsil naziri