Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti
cənab Novruz Aslanova
Hörmətli Novruz müəllim!
Sizi və rəhbərlik etdiyiniz kollektivi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaradıl- masının 100 illik yubileyi münasibətilə ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram!
Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı, humanizm, şəfqət və mərhəmət kimi dəyərləri özündə təcəssüm etdirən Qızıl Aypara Cəmiyyətinin xeyirxah fəaliyyəti hər zaman ictimaiyyətdə rəğbətlə qarşılanır. Yarandığı gündən Azərbaycan Qızıl Aypara Cəmiyyəti üzərinə düşən vəzifələri layiqincə yerinə yetirərək müharibə və təbii fəlakətlərdən zərər çəkən insanlara yardım göstərmək, onlara əl tutmaq, mənəvi dayaq olmaq kimi nəcib işini uğurla davam etdirir.
Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulan, möhtərəm Prezident cənab İlham Əliyevin müvəffəqiyyətlə davam etdirdiyi dövlət quruculuğu siyasətinin tərkib hissəsi kimi Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının ölkəmizdə geniş vüsət alması məqsədilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinə daim diqqət və qayğı göstərilir. Dövlətimizin başçısının 2004-cü ildə imzaladığı “Azərbaycan Qızıl Aypara Cəmiyyətinə dövlət qayğısının artırılması haqqında” Sərəncam, 2007-ci ildə qəbul edilmiş “Qızıl Aypara Cəmiyyəti haqqında” Qanun və hər il martın 10-u Azərbaycanda Qızıl Aypara günü kimi qeyd olunması bu təşkilata göstərilən diqqətin bariz təzahürüdür.
Son illər Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti arasında daha da fəallaşan işgüzar əlaqələr səmərəli nəticələrin əldə olunmasına xidmət edir. 2008-ci ildə Dövlət Komissiyasının BQXK ilə imzaladığı “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə” çərçivə sazişindən irəli gələn öhdəliklərin yerinə yetirilməsində, xüsusən də itkin düşmüş şəxslərlə bağlı anket məlumatlarının toplanılmasında Azərbaycan Qızıl Aypara Cəmiyyəti könüllülərinin töhfələri təqdirəlayiqdir.
Ümidvaram ki, birgə əməkdaşlıq nəticəsində Dağlıq Qarabağ münaqişəsində itkin düşmüş vətəndaşların sonrakı taleyinin aydınlaşdırılması istiqamətində müsbət nəticələr davamlı olacaqdır. İnanıram ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti vacib
fəaliyyətini, o cümlədən Azərbaycan xalqına məxsus humanizm ənənələri və dəyərlərinin qorunması, inkişafı və zənginləşməsi işini bundan sonra da uğurla həyata keçirəcəkdir.
Hörmətli Novruz müəllim!
Sizi və Qızıl Aypara Hərəkatının bütün üzvlərini 100 illik yubiley münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti, Dövlət Komissiyası və öz adımdan bir daha səmimi- qəlbdən təbrik edir, möhkəm cansağlığı, doğma Vətən naminə xeyirxah xidmətinizdə yeni- yeni nailiyyətlər diləyirəm!
Hörmətlə,
Əli Nağıyev
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
10 mart 2020-ci il