Tədbiri giriş nitqi ilə açan AzQAC-ın prezidenti, Milli Məclisin deputatı cənab Novruz Aslanov tədbir iştirakçılarını Cəmiyyətin kollektivi, üzvləri və könüllüləri adından salamladı. AzQAC-ın qısa tarixindən və fəaliyyət istiqamətlərindən danışan natiq bu ilin önəmindən danışdı. 100 illik şərəfli tarixi yol keçmiş Cəmiyyətin uğurlarından söhbət açaraq, həyata keçirilən uğurlu layihələrdən bəhs etdi. Milli Cəmiyyətin humanitar sahədə dövlətə yaxın təşkilat kimi fəaliyyətinin artan surətdə iş apardığını bildirdi. Bu uğurların əldə edilməsində dövlətin Cəmiyyətə göstərdiyi xüsusi diqqət və qayğından söz açdı. Bunlara “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” Qanun və digər Sərəncamlar daxildirlər.
Cəmiyyətin prezidenti AzQAC ilə FHN arasında 2006-cı ildə imzalanmış əməkdaşlıq Memorandumuna əsasən qarşılıqlı tərəfdaşlığın sürətlə inkişaf etdiyindən danışdı. Nazirlik ilə birgə aparılan işlərdən söhbət açdı.
Daha sonra günün önəminə uyğun olaraq FHN-nin Mülki Müdafiə İşinin Təşkili Baş İdarəsinin rəisi general-mayor Niyazi Zamanov Fövqəladə Hallar naziri cənab Kəmaləddin Heydərovun təbrikini tədbir içtirakçılarına çatdırdı. FHN ilə AzQAC-ın birlikdə təlimlərdə iştirakından danışdı. Bir daha başda Novruz Aslanov olmaqla AzQAC-ın kollektivini, üzvlərini və könüllülərini FHN-nin kollektivi adından 100 illik Yubiley münasibətilə təbrik etdi.
Bütün digər tədbir iştirakçıları çıxışlarında AzQAC-ın bu günə kimi həyata keçdirdyi layihələr və humanitar sahədə gördüyü işlərdən söhbət açaraq yaradılmasının 100-cü ilini təbrik etdilər.
Sonda xatirə şəkli çəkdirildi.