Koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar xüsusi rejimli karantin dövründə tətbiq olunan məhdudiyyətləri nəzərə alan Novruz Aslanov, hər həftənin 4-cü günləri İsmayıllı rayon seçiciləri ilə onlayn qəbullar keçirir. Belə qəbullar zamanı millət vəkilinə edilən müraciətlər əsasən ərzaq və virusdan qorunmaq üçün müvafiq gigiyenik vasitələrlə təmin olunmaları istiqamətində olub.
Sakinlərin çoxsaylı müraciətlərini nəzərə alan Novruz Aslanov aprelin 11-də İsmayıllı rayonuna səfər edib. Səfərin məqsədi onlayn qəbullarda müraciət edən sakinlərlə şəxsən görüşmək, hər bir belə ailəyə ərzaq yardımı və gigiyenik vasitələrlə yardım etmək, həmçinin, digər arzu və istəklərini dinləmək olub. İlk olaraq deputat Basqal qəsəbəsində, daha sonra Bizlan, Talıstan, Qalıncaq kəndlərində və İsmayıllı şəhərində ehtiyaclı ailələrlə şəxsən görüşüb və müvafiq humanitar yardımları edib. İsmayıllı şəhərində keçirilən görüşlərdə Novruz Aslanovla birgə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov da yaxından iştirak edib.
Novruz Aslanov İsmayıllı şəhərində yaşayan, 101 yaşlı veteran ayparaçı Şirmayə xanımın da evində olub, məmnuniyyətlə onunla səmimi söhbət edib və zəruri yardımları təqdim edib.
Deputat sakinlərlə görüşdə koronavirusla (COVİD-19) bağlı dövlətin həyata keçirdiyi tədbirlərdən, “Evdə Qal” tövsiyəsinin mahiyyətindən söhbət açıb və bu bəlaya birlikdə qalib gələcəyimizə əminliyini bildirib.
Məlumat üçün bildirək ki, karantin dövründə belə yardımlar davamlı olacaqdır.