AzQAC-nin Füzuli rayon bölməsinin əməkdaşları növbəti humanitar yardım payladı
Koronovirus (COVID-19) infeksiyasından qorunmaq məqsədilə Azərbaycan dövləti tərəfindən tətbiq olunan sosial izolyasiya tədbirləri, yaşı 65-dən yuxarı olan insanlara qoyulan məhdudiyyətlər, xalqımızın həmrəylik nümayiş etdirərək belə həssas təbəqəyə aid insanlara yardımların edilməsi zərurəti yaratmışdır. AzQAC bu qəbildən olan insanlara ərzaq və gigiyenik vasitələrlə yardım edir. Belə humanitar aksiyalara fiziki və hüquqi şəxslər də dəstək verir. Aprelin 29-30 tarixlərində “Bank Respublika” nın dəstəyi və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təşkilatçığı ilə cəbhəyanı ərazi Füzuli rayonunda yaşı 65-i keçmiş tənha, ahıl insanlara, eləcə də aztəminatlı 30 ailəyə müxtəlif gündəlik qida məhsullarından ibarət ərzaq sovqatı və şəxsi gigiyena vasitələri ilə yardım edilmişdir. AzQAC-ın Fövqəladə Mobil Könüllü Dəstələrinin (FMKD) vasitəsilə ərzaq bağlamaları evlərə çatdırılmışdır. Azərbaycan Qızıl Aypara Cəmiyyəti belə humanitar aksiyalara dəstək verən Bank Respublikanın rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.