AzQAC-ın 2020-ci il oktyabrın 5-də keçirilən koordinasiya iclasında çıxış edən Cəmiyyətin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov məqsədimizin və hədəfimizin bir daha zərərçəkən insanlara humanitar yardımın göstərilməsi olduğunu qeyd etdi. Cəbhəyanı ərazilərdə Fövqəladə Mobil Könüllü Dəstələri tərəfindən humanitar və ilk yardımların göstərilməsini vurğuladı. Əməkdaşlarımızın öz işlərini ağır vəziyyətdə çox dəqiq, çevik və məsuliyyətli aparadığını diqqətə çatdıran natiq son həftə ərzində görülən işlərlə bağlı hesabatlarımızın AzQAC-ın rəsmi internet səhifəsində və tərəfdaşlıq etdiyimiz internet səhifələrində ictimaiyyətə və beynəlxalq qurumlara çatdırıldığını qeyd etdi. Cəmiyyətin prezidenti regional mərkəzlərlə təcili müşavirə keçirilməsi ilə bağlı müvafiq göstəriş verdi. O, şəhər və rayon bölmələri ilə koordinasiyalı şəkildə gücləndirilmiş iş rejimində işləmələrini tövsiyyə etdi. BQXK və Beynəlxalq QXQAC Federasiyası ilə işlərin koordinasiya olunduğunu söylədi. Hər gün fəaliyyətlərlə bağlı müfəssəl məlumatların ictimaiyyətə çatdırılması üçün məlumatların operativ olaraq rəsmi internet səhifəmizdə yerləşdirilməsinə dair göstəriş verdi.
AzQAC-ın İdarə rəisi-vitse-prezident Əziz Qocayev çıxışında şəhər və rayon bölmələrinin fəaliyyətləri və mövcud vəziyyət haqqında ətraflı məlumat verərək, Gəncə şəhərindəki məlum hadisə nəticəsində zərəçəkən insanlara yardımların edildiyini qeyd etdi.
Azərbaycan QAC-ın vitse-prezidenti TİKA ilə əməkdaşlıq çərçivəsində ilk yardım çantalarının hazırlanması və Cəmiyyətə təhvil verilməsini bildirərək, onlarla zərərçəkənlərə hazır yeməklərin tədarükü ilə bağlı danışıqların aparıldığını diqqətə çatdırdı. Daha sonra ehtiyac olduğu təqdirdə çadırların alınması ilə bağlı Türkiyə Qızıl Aypara Cəmiyyətinə müraciət edilməsinin zəruriliyini vurğuladı.
Daha sonra çıxış edən Cəmiyyətin İcraçı Katibi Ceyhun Mirzəyev BQXK-nın dəstəyi ilə ilk yardım çantalarının cəhbəyanı ərazilərə göndəriləcəyi bağlı məlumat verdi.
AzQAC-ın İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri çıxışında AzQAC-ın mövcud vəziyyətlə bağlı bütün fəaliyyətlərinin mütəmadi olaraq rəsmi internet səhifəmizdə yerləşdirildiyini iştirakçıların nəzərinə çatdırdı.
TİKA ilə danışıqlar nəticəsində onların cəbhəyanı ərazilərə ilk yardım çantalarının AzQAC-a ianə ediləcəyinə razılıq verdiyini qeyd edən AzQAC-ın Fövqəladə Hallara Hazırlıq və Cavabvermə şöbəsinin müdiri-İcraçı Katibin müavini Elşən Səlimzadə qısa zamanda Göygöl və Goranboy rayonlarına çadırların da göndəriləcəyini söylədi.
COVİD-19 ilə mübarizə çərçivəsində görülən işlər və həyata keçirilən layihələrlə bağlı ətraflı məlumatları AzQAC-ın İcraçı Katibinin müavini Şaban Şayev iştirakçılara çatdırdı. O, çıxışında layihələrdən irəli gələn işlərlə bağlı bütün fəaliyyətlərin plana uyğun həyata keçirildiyini söylədi.
Sonda təklif və rəylər dinlənildi, müzakirələr aparıldı. Cəhbəyanı ərazilərdə zərərçəkən insanlara tez hazırlanan yeməklərin göndərilməsinə qərar verildi.