2021-ci il mayın 12-də Beynəlxalq Qızıl Xaç Komitəsinin Cenevrədə keçirilən “Florence Nightingale” medalının 48-ci təltifetmə mərasimində “Beynəlxalq Tibb Bacıları” günü münasibətilə bu medala layiq görülənlərin adları açıqlanmışdır. Hər il mayın 12-də qeyd edilən bu əlamətdar gün ilk dəfə şəfqət bacısı xidməti təşkil edən məşhur ingilis xanım Florens Naytingelin ad günü şərəfinə edilir. Bu medal Beynəlxaql Qızıl Xaç və Qızıl Aypara Hərəkatının bu sahədə ən yüksək medalıdır. Bu il də dünyada 18 ölkədən 25 tibb bacısı bu medala layiq görülmüşdür. “Florence Nightingale” medalı silahlı münaqişə və ya təbii fəlakət qurbanlarına müstəsna yardım göstərən, insanlığın sağlamlığına, həmçinin tibb sahəsində qabaqcıl xidmət edən insanlara verilir.
Təltif olunanların sırasında Azərbaycanın Vətən müharibəsinin yeganə şəhid qadını Arəstə Baxışova da vardır. O, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qarşılarına qoyulmuş tapşırıqları yerinə yetirərkən yaralanmış əsgərlərə ilk yardımın göstərilməsində və onların döyüş meydanından təxliyyə edilməsində fəallıq göstərmiş və öz vəzifə borcunu yetirərkən döyüş zamanı həlak olmuşdur.
Arəstə Baxışovanın namizədliyi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanovun təklifi ilə komissiyaya təqdim olunmuşdur. Komissiyanın yekdil qərarı ilə o, Beynəlxalq Qızıl Xaç Komitəsinə bu medala namizəd kimi təqdim edilmişdir.