11 noyabr 2015-ci il tarixində “Azərikimya” İB-nin Etilen-polietilen zavodunda “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə olunmasının təşkili” mövzusunda obyekt mülki müdafiə məşqi keçirilmişdi.
Təlimdə Sumqayıt Regional Fövqəladə Hallar Mülkü Müdafiə şöbəsinin şəxsi heyəti, AzQAC Sumqayıt şəhər bölməsinin “Mobil dəstə” üzvləri, Dövlət Yanğın təhlükəsizlik xidmətinin şəxsi heyəti, Təcili Tibbi Yardım stansiyasının həkim briqadası, Fövqaladə Hallar komissiyası mülki müdafiə qərargahı, mülki müdafiə dəstələri və dəstələrə cəlb olunmayan işçiləri iştirak edirdi.
“Etilen-polietilen” zavodunun ərazisində şərti partlayışların törənməsindən dərhal sonra qaldırılmış “həyəcan” siqnalı üzrə başlanan təlim zamanı Sumqayıt şəhər mülki müdafiə qüvvələri ilə eyni vaxtda fövqəladə hadisə yerinə ilk növbədə yanğınsöndürən və təcili yardım maşınları, qazdan xilasetmə dəstələri daxil olmuşlar. Şərti partlayışın baş verdiyi ərazidə yanğınların söndürülməsi ilə yanaşı kimyəvi kəşfiyyatın təşkili, ərazinin mühafizəsi, axtarış-xilasetmə, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması işləri operativ şəkildə yerinə yetirilmişdir.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin xüsusi geyim və ləvazimatla təchiz olunmuş “Mobil dəstə” üzvləri “zərər çəkənləri”, “yaralıları” qəza ərazisindən çıxararaq və ilk yardım göstərərək, onları Təcili tibbi yardım stansiyasının maşınlarına yerləşdirmiş və həkim briqadalarına təhvil vermişdilər.