Miqrasiya və miqrantlar bütün ölkədə dövlət səviyyəsində olduğu kimi Qızıl Aypara Cəmiyyətinin də diqqət mərkəzindədir. Bizə pənah gətirmiş əfqan, yəmənli və pakistanlı miqrantlar cəmiyyətimiz tərəfindən hərtərəfli qayğı ilə əhatə olunmuşdur.
2012-ci ilin oktyabrından miqrantlar üçün Cəmiyyətin rəhbəri, Milli Məclisin deputatı Novruz Aslanovun təşəbbüsü ilə təmənnasız təşkil edilən Azərbaycan dili dərsləri onların cəmiyyətə, aktiv həyata inteqrasiyasında, təhsil almalarında fəal rol oynayır. Bu həftə də onları sevindirmək, bayram əhvalı yaratmaq üçün növbəti dərs Çərşənbə və Novruz Bayramına həsr olundu. Onlara bayramın tarixindən, ənənələrindən, çərşənbələrin məxsusi məna kəsb etməsindən danışıldı. Yəmən və pakistanlı şagirdlər üçün isə bu bayram yeni və çox maraqlıdır, çünki onlar ilk dəfə Novruz bayramına şahid oldular. Şagirdlər bahara, Novruza aid şer və mahnılar öyrəndilər. Miqrantlara sonda kiçik bayram payları verildi.