Bu gün Azərbaycanın Vətən müharibəsinin yeganə şəhid qadını Arəstə Baxışovanın doğum günüdür.
Arəstə Baxışova Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qarşılarına qoyulmuş tapşırıqları yerinə yetirərkən yaralanmış əsgərlərə ilk yardımın göstərilməsində və onların döyüş meydanından təxliyyə edilməsində fəallıq göstərmiş və öz vəzifə borcunu yetirərkən döyüş zamanı həlak olmuşdur.
Vətən yolunda şəhid olan A.Baxışovanın fəaliyyəti həm də AzQAC ilə bağlı olub. Belə ki, o, zamanında Cəmiyyətin Binəqədi rayon bölməsinin tibb bacıları kursunu bitirmiş, həmçinin, Binəqədi rayon bölməsinin İdarəetmə Şurasının üzvü olmuşdur. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanovun təklifi ilə A.Baxışovanın “Florence Nightingale” medalı layiq görülməsi təklifi ilə komissiyaya təqdim olunmuşdur. Komissiyanın yekdil qərarı ilə o, Beynəlxalq Qızıl Xaç Komitəsinə bu medala namizəd kimi təqdim edilmişdir. 2021-ci il mayın 12-də Beynəlxalq Qızıl Xaç Komitəsinin Cenevrədə keçirilən “Florence Nightingale” medalının 48-ci təltifetmə mərasimində “Beynəlxalq Tibb Bacıları” günü münasibətilə A.Baxışova bu medala layiq görüldü. “Florence Nightingale” medalı silahlı münaqişə və ya təbii fəlakət qurbanlarına müstəsna yardım göstərən, insanlığın sağlamlığına, həmçinin tibb sahəsində qabaqcıl xidmət edən insanlara verilir. Bu, Cəmiyyət üçün çox qürurverici bir hadisə olmuşdur. 2022-ci il may ayının 4-də AzQAC-nin əməkdaşları Arəstə Baxışovanın məzarını ziyarət etdi ruhuna dualar oxundu.