Fövqəladə Mobil Könüllü Dəstələrin (FMKD) müntəzəm fəaliyyətlərinin bir hissəsi olaraq, FMKD-ın üzvləri Mobil İlk Yardım Postlarının təşkilini davam etdirir. İlk Yardım Postları Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) rayon bölmələri tərəfindən ən azı ayda bir dəfə ictimaiyyətin toplaşdığı yerlərdə təşkil edilir. Bu tədbirinin əsas məqsədi FMKD-in könüllülərini ictimaiyyətə təqdim etmək və AzQAC bölmələri tərəfindən təqdim olunan İlk Yardım xidmətlərinin mövcudluğunu nümayiş etdirməkdir. Belə müntəzəm tədbirlərin təşkili həm də FMKD könüllülərinə İlk Yardım texnikalarını tez-tez tətbiq etmək və biliklərini möhkəmləndirmək üçün daha çox şans verir. Tədbir zamanı könüllülər iştirakçılara ilk yardımın əsasları, huşsuz nəfəs alan, bərpa vəziyyəti, tənəffüs yollarının tutulması, qanaxma, sınıqlar, zəhərlənmələr və yanıqlar mövzusu ətrafında geniş məlumat verir və praktiki məşğələlər nümayiş etdirirlər. Tədbirdə ilk yardım bilikləri ilə yanaşı, Qızıl Xaç və Qızıl Aypara Hərəkatı, o cümlədən AzQAC-ın müvafiq rayon bölməsinin fəaliyyətləri haqqında qısa məlumat verilir.
Belə ki, 2022-ci ilin oktyabr ayında AzQAC-ın Sumqayıt, Tərtər, Ağdam, Füzuli, Qazax, Cəbrayıl və Bərdə bölmələrinin Fövqəladə Mobil Könüllü Dəstələrinin üzvləri tərəfindən Sumqayıt şəhərinin 38 saylı məktəbində, Tərtərin Borsunlu, Ağdamın Qərvənd, Füzulinin Yuxarı Kürtmahmudlu və Araz Yağlıvənd, Qazaxın Ürkməzli, Cəbrayılın Cocuq Mərcanlı və Çərəkən kənd məktəblərində ümumilikdə 9 Mobil İlk Yardım Postu tədbiri təşkil edildi.