16 noyabr 2022-ci il tarixində Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Lalə Şirinin 44 günlük Vətən müharibəsində tarix yazan qəhrəmanlara həsr olunmuş “Qəhrəmanlıq elegiyası” klipinin təqdimatı keçirilib. Klipin təqdimatı Sumqayıt Regional Mədəniyyət İdarəsinin və “Şəhid Analarına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə gerçəkləşib.
Tədbirdə tanınmış musiqiçilər, şairlər, rejissor, aktyor heyəti, şəhid ailələri və övladları, qazilər, İctimai Birlik və media nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Miqrasiya şöbəsinin əməkdaşı, miqrantların təhsili üzrə əməkdaşı Sona Hacıyeva iştirak edib. Sona Hazıyeva tədbir zamanı çıxış edərək Azərbaycan Qızıl Aypara Cəmiyyəti adından tədbir iştirakçılarını salamlayıb, ikinci Qarabağ müharibəsi dövründə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin gördüyü humanitar işlərdən, həyata keçirdiyi fəaliyyətlərdən danışıb. O, öz çıxışında Milli Cəmiyyətin həyata keçirdiyi təlim və psixo-sosial dəstək layihələrindən, aztəminatlı ailələrə, şəhid ailələrinə və övladlarına olan qayğıdan və göstərilən yardımdan bəhs edib, eləcə də, Milli Cəmiyyətin dövlətə humanitar layihələrinin həyata keçirilməsində daima yardımçı olmasını vurğulayıb.
Sonda xatirə şəkilləri çəkilib, bəstəkar Lalə xanıma və təşkilatçılara bu səmimi dəvət üçün minnətdarlıq edilib.