29-30 noyabr 2022-ci il tarixində Ümumidünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan ofisi tərəfindən “Səhiyyədə fövqəladə hallarda risk kommunikasiyası və icmalarla iş: öyrənilmiş dərslər və gələcəyə baxış” mövzusunda təlim keçirilib. Təlimin məqsədi pandemiyadan öyrənilmiş dərsləri müəyyən etmək və onlardan risk kommunikasiyası və icmalarla işlə bağlı gələcək fəaliyyətlərdə istifadə üçün bilikləri və bacarıqları artırmaq idi.
Təlim zamanı COVID-19 peyvəndinin tətbiqini icmalarda artırmaq və həssas icmalarla əlaqə qurmaq üçün prioritet tədbirləri müəyyənləşdirmək, o cümlədən pandemiya zamanı əldə edilmiş təcrübəni digər fövqəladə hallar üçün sistemləşdirmək mövzuları müzakirə olunub. ÜST-nin ekspertləri tərəfindən icmaların cəlb edilməsinə ÜST-nin yanaşması, icmanın cəlb edilməsinin əsas prinsipləri və icmalarla effektiv əlaqə qurma üsulları haqqında təqdimatlar edilib və qrup işi təşkil olunub.
Təlimdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) əməkdaşları Kamilla Rüstəmova və Mətanət Qaraxanova iştirak ediblər. AzQAC-ın icmaların cəlb olunması və cavabdehlik üzrə əməkdaşı Kamilla Rüstəmova tərəfindən AzQAC-ın icmalarla iş təcrübəsi, COVİD-19 pandemiyası zamanı həyata keçirdiyi layihələr, xüsusilə icmaların cəlb olunması komponenti işitrakçılara təqdim edib. Mətanət Qaraxanova da icmalarla iş haqqında çıxış edərək, öz təcrübəsi barədə plenar müzakirələrdə fikirlərini səsləndirib.
2 gün davam edən təlimdə yerli səhiyyə qurumları, qeyri-hökumət təşkilatları və BMT agentlikləri daxil olmaqla 20-dən çox qurum təmsil olunub. Təlimin sonunda iştirakçılar sertifikatla təltif edilib.