12-16 dekabr tarixlərində Türkiyə Qızıl Ay Cəmiyyətinin dəstəyi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Fövqəladə Mobil Könüllü Dəstələrinin (FMKD) üzvləri üçün Bakıda İlk Yardım üzrə Təlimçilərin Təlimi (ToT) təşkil edilib. Təlimin əsas məqsədi AzQAC-ın könüllülərinin ilk yardım üzrə bilik və bacarıqlarını gücləndirmək və yeni təlimçilər hazırlamaq idi.
Təlim zamanı iştirakçılara ilk yardımın əsasları, huşsuz nəfəs alan, bərpa vəziyyəti, tənəffüs yollarının tutulması, qanaxma, sınıqlar, zəhərlənmələr və yanıqlar mövzusu ətrafında geniş məlumat verilib və praktiki məşğələlər nümayiş etdirilib. Təlim eyni zamanda, könüllülərin təlimçi kimi bacarıqlarını artırmaq və inkişaf etdirmək üçün ünsiyyət, təqdimat bacarıqları kimi mövzuları da əhatə edib.
Təlimdə AzQAC-ın Sumqayıt, Tərtər, Ağdam, Füzuli, Qazax, Tovuz, Bərdə və Cəbrayıl rayon bölmələrindən ümumilikdə 33 könüllü iştirak edib.