Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Gənclər və Könüllülər şöbəsinin 2021-2025-ci il strateji planının əsas məqsədi Gənclər və Könüllülərin idarəetmə sisteminin inkişaf etdirilməsi və bununla da sosial cəhətdən zəif müdafiə olunan və qayğıya ehtiyacı olan əhaliyə könüllü xidmətin səmərəliyinin artırılmasından ibarətdir.
1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. BMT Baş Assambleyasının 1950-ci il iyunun 1-də təşkil etdiyi qadınların beynəlxalq konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin konfransda da iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.
Dünyanın əksər ölkələrində olduğu kimi, 1 iyun Azərbaycanda da qeyd edilir. Uşaqlar Azərbaycanda əhalinin təxminən 35 faizini təşkil edir.
Bununla əlaqədar olaraq Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Gənclər Komitəsi, “Gənclər və Könüllülər”, “Fövqəladə Hallara Hazırlıq və Cavabvermə” şöbələri “Təhlükəsiz məktəblərə çatmaq ” layihəsi çərçivəsində AzQAC-ın Füzuli rayon bölməsinin birgə təşkilatçılığı ilə 1 iyun 2023-cı il tarixində Füzuli rayonunun Qayıdış qəsəbəsində uşaqlar arasında Futbol turniri keçirilib.
Tədbiri giriş sözü ilə açan İcraçı Katibin müavini, Gənclər və könüllülər şöbəsinin müdiri Xalidə İsgəndərova uşaqları bayram münasibəti ilə təbrik etmiş, onlara can sağlığı arzulamışdır.
Futbol turniri 4 kəndin məktəbliləri arasında aparılırdı. Turnirin qalibi adını Böyük Bəhmənli kənd orta məktəbi qazandı. 2-ci yeri Füzuli UGİŞM, 3-cü yeri Qayıdış qəsəbəsinin məktəbli komandası tutub. 4-cü pillədə isə Skautlar qərarlaşıblar.
Tədbirdə iştirak edən müəllimlər, valideynlər və uşaqlar Qızıl Aypara Cəmiyyətinin rəhbərliyinə, əməkdaşlarına və könüllülərinə, AzQAC Füzuli rayon bölməsinin rəhbərliyinə və könüllülərinə tədbirin təşkilinə görə öz təşəkkürlərini bildirdilər. Biz də Cəmiyyət olaraq bütün dünya uşaqlarını bu bayram münasibətilə təbrik edir, onlara can sağlığı arzu edirik.