Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Gənclər və Könüllülər şöbəsinin 2016-2020-ci il strateji planının əsas məqsədi Gənclər və Könüllülərin idarəetmə sisteminin inkişaf etdirilməsi və bununla da sosial cəhətdən zəif müdafiə olunan və qayğıya ehtiyacı olan əhaliyə könüllü xidmətin səmərəliyinin artırılmasından ibarətdir.
2 fevral 1997-ci ildən bu günə qədər hər ilin bu günü Azərbaycanda Gənclər günü kimi qeyd olunur. Azərbaycan Respublikası gənclərinin I forumu ilk dəfə 1996-ci ilin bu günündə keçirilib. 1997-ci ildən fevralın 2-si ümumilli lider, mərhum Prezident Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Gəncləri günü elan olunub. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, bu ilin əvvəlinə ölkə əhalisinin 2,8 milyon nəfərini və ya 31 faizini 14-29 yaşında olan gənclər təşkil edir. Onların 49 faizi kişi, 51 faizi isə qadınlardır. Azərbaycanda doğulan körpələrin 82,3 faizi gənc ailələrdə dünyaya göz açıb. Son 5 ildə gənc analar tərəfindən doğulan uşaqların sayı təxminən 9 faiz artıb.
14 ildi qeyd etmiyimiz bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Dünyada yalnız 1999-cu ildə BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilib.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti Respublikada içtimai səhiyyə sahəsində Dövlətə yardımçı rolunu oynayaraq, Regional Mərkəzləri və Yerli Bölmələr vasitəsilə yerli tibb müəssisələrlə əməkdaşlıq çərçivəsində, ana və uşaqların sağlamlığının yaxşılaşdırılması və xəstəliklərin sayının azaldılmasına dair geniş səhiyyə maarifi işini təşkil edir. Belə ki, AzQAC-nin Gənclər Komitəsi, Gənclər və Könüllülər, Sağlamlıq və qayğı şöbələri tərəfindən 2 Fevral – Gənclər günü ilə əlaqədar “Gənc ailələrə dəstək” mövzusunda gənc ana və atalarla (hamilə qadınlarla) sağlamlıqla bağlı maarifləndirici görüşlərin keçirilməsi nəzərdə tutulmuşdur. Tədbir Sabunçu RB –nin təşkilatçılığı ilə Bakıxanov qəsəbəsində yerləşən 2 saylı doğum evi/qadın məsləhətxanasında təşkil olunmuşdur. Tədbirdə hamilə qadınlar və onların ailə üzvləri iştirak etmişdir. Tədbiri ilk öncə Sabunçu RB -nin sədri Elmira Məlikova və AzQAC-nin İcraçı Katibinin müavini\Gənclər və Könüllülər şöbəsinin müdiri Xalidə İsgəndərova açıq elan edərək bu günün mahiyyətindən söhbət açmışlar, əhalinin xəstəliklərlə mübarizədə profilaktik tədbirlərə, xəstəliklə bağlı maarifləndirilməsinə ehtiyac olduqlarını bildirmişlər. Sonra AzQAC-nin “İcmaya əsaslanan sağlamlıq” proqramının rəhbəri Mətanət Qaraxanova iştirak edən gənc ana və atalara ana südü ilə qidalanmanın əhəmiyyətli, körpənin fiziki və psixi inkişafına, eləcə də qadın sağlamlığına müsbət təsirləri barədə geniş məlumatları prezentasiya şəklində təqdim etmişdir. O, “Ümumdünya Səhiyyə Təşkilatı”nın körpələrin ana südü ilə qidalanmaya dair qayda və tövsiyyələrini xüsusi vurğulamış, iştirakçıları narahat edən sualları cavablandırmışdır. Görüşün sonunda ana südü ilə bağlı müxtəlif informasiya vərəqələri paylanılmışdır.
Sonda tədbirdə olan iştirakçılar tədbirin ərsəyə gəlməsində Qızıl Aypara Cəmiyyətinin rəhbərliyinə, əməkdaşlarına və könüllülərinə, QAC Sabunçu rayon bölməsinin rəhbərliyinə və könüllülərinə, 2 saylı doğum evi/qadın məsləhətxanasının rəhbərliyinə keçirdikləri bu tədbir üçün öz təşəkkürlərini bildirdilər.
Biz də Cəmiyyət olaraq 2 fevral gənclər günü münasibətilə bütün Azərbaycan gənclərini təbrik edirik!