Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Gənclər və Könüllülər şöbəsinin 2011-2015-ci il strateji planının əsas məqsədi Gənclər və Könüllülərin idarəetmə sisteminin inkişaf etdirilməsi və bununla da sosial cəhətdən zəif müdafiə olunan və qayğıya ehtiyacı olan əhaliyə könüllü xidmətin səmərəliyinin artırılmasından ibarətdir.
Bununla əlaqədar olaraq, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Gənclər Komitəsi, Gənclər və könüllülər şöbəsi və AzQAC Sabunçu rayon bölməsinin birgə təşkilatçılığı ilə Sabunçu rayonunda yerləşən 10 saylı internat tipli məktəbin 50 nəfər xəstə uşaqları üçün bayram tədbiri keçirildi.
Tədbir 24 mart 2016-cı il tarixində Bakı şəhərində yerləşən Balu Əyləncə Mərkəzində baş tutdu. Bayram əhval –ruhiyyəsi ilə bəzədilən zalda uşaqlar üçün hər bir şərait yaradılmışdı.
Tədbiri giriş sözü ilə AzQAC-ın İcraçı Katibin müavini və Gənclər və könüllülər şöbəsinin müdiri Xalidə xanım İsgəndərova və Sabunçu RB bölməsinin sədri Elmira Məlikova açaraq, müraciətlərinə cavab olaraq, qeydiyyatlarında olan 50 nəfər sağlamlıq imkanları məhdud uşaqlara təmənnasız olaraq belə gözəl bayram şənliyi təşkil etdiyi üçün Balu əyləncə mərkəzinin rəhbərliyinə öz dərin təşəkkürünü bildirdilər. Daha sonra bu gül balaları bayram münasibəti ilə təbrik etmiş, onlara can sağlığı arzulamışdılar.
Uşaqlar Balu əyləncə mərkəzində olan uşaq atraksionlarında bolluca əylənmişdilər. Əyləncə mərkəzi tərəfindən bayram süfrəsi açılmış, cürbəcür dadlı yeməklər və şirniyyat süfrəsi təqdim olunmuşdur. Bayram süfrəsi arxasında əyləşən uşaqlar Kosa və Keçəlin suallarına cavablar vermiş, bildikləri şeir və mahnılarla tədbirə rəng qatmış, rəqs edib bolluca şənlənmişdilər. Bahar qızı tərəfindən isə uşaqlara hədiyyələr paylanılmışdır.
Sonda tədbirdə iştirak edən internat məktəbinin direktoru və müəllimləri tədbirin ərsəyə gəlməsində Qızıl Aypara Cəmiyyətinin rəhbərliyinə, əməkdaşlarına və könüllülərinə, Balu əyləncə mərkəzinin rəhbərliyinə və əməkdaşlarına, AzQAC Sabunçu rayon bölməsinin rəhbərliyinə və könüllülərinə keçirdikləri bu tədbir üçün öz təşəkkürlərini bildirdilər. Biz də Cəmiyyət olaraq tədbirdə əməyi keçən hər bir kəsə öz təşəkkürümüzü bildiririk.