13 may 2016-cı il tarixdə cəbhədəki son hadisələrlə bağlı yaranmış vəziyyətdən irəli gələn bəzi fəaliyyətləri həyata keçirmək üçün Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK), Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) və Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) arasında məsul nümayəndələrin iştirakı ilə üçtərəfli görüş keçirildi.
Görüşdə hücumlardan zərər çəkmiş cəbhəyanı zonalarda partlamamış hərbi sursatlara və minalara daha tez-tez rast gəlinməsi və fəlakətlərin və partlayışların sayının çoxalması nəticəsində yaranmış vəziyyət müzakirə edildi və bu sahədə əhalinin məlumatlandırılması və ayıq-sayıqlığının artırılması üçün bəzi tədbirlərin görülməsi qərara alındı. Bu tədbirlər sirasına əhali arasında mina sayıqlığı ilə bağlı informativ bukletlərin, broşurların yayılması və təhlükəli ərazilərdə ANAMA tərəfindən hazırlanan məlumat xarakterli bilbordların qoyulmasının təşkili daxildir.
Ən təhlükəli zona olaraq Fizuli, Ağstafa, Tərtər, Ağcabədi rayonlarında qoyulması nəzərdə tutulan, hərəsində 15 ədəd olmaqla 60 bilbordun ərazilərə asan giriş imkanları olan BQXK və AzQAC –ın yaxından köməyi sayəsində yerləşdirilməsi nəzərdə tutuldu.
Görüşün sonunda hər üç təşkilat nümayəndələrinin gəldiyi fikrə əsasən, gələcəkdə AzQAC-ın Silahlara Qarşı Mübarizə proqramı çərçivəsində cəbhəyanı ərazilərin icmaları üçün müvafiq seminarların keçirilməsi planlaşdırılmışdır.