Azərbaycan Qızıl Aypara Cəmiyyətinin həyata keçirdiyi iş fəaliyyətində mühüm sənədlərdən biri olan “Strateji İnkişaf Planı”-nın (2016-2020) artıq hazırlanıb çapdan çıxması və Regional Mərkəz və rayon bölmələrində “Vahid hesabat sistemi”nə keçilməsi ilə əlaqədar olaraq 16.05.2016-cı il tarixində AzQAC-ın Baş Qərargahında görüş baş tutdu.
Görüşdə AzQAC-ın İcraçı Katibi Ceyhun Mirzəyev, İcraçı Katibin müavinləri Səbinə Məhbubi-İran və Günel Yusifova, İcraçı Katibin müavini və “Gənclər və Könüllülər” şöbəsinin müdiri Xalidə İsgəndərova, Regional Mərkəz və rayon bölmələri ilə iş üzrə şöbənin müdiri Ağayar Hüseynov, Daxili hesabat serktorunun rəhbəri Yaqut Hüseynova və Bakı Regional Mərkəzinə daxil olan rayon bölmələrinin sədrləri iştirak edirdilər.
Görüş Ceyhun Mirzəyevin açılış nitqi ilə başladı. O, əvvəlcə bütün iclas iştirakçılarını salamladı. Daha sonra isə AzQAC-ın Regional Mərkəz və rayon bölmələrindən toplanılan hesabatların daha dəqiq, şəffaf və bərabər olmasını təmin etmək məqsədilə “Vahid hesabat sistemi”nə keçirildiyini bildirdi. Üç hissədən: “müraciətlər; yardım alanlar və keçirilən tədbirlər” bölməsindən ibarət olan hesabat blankları təqdim olundu və bununla bağlı iştirakçıları maraqlandıran bütün suallar əhatəli şəkildə cavablandırıldı.
Sonra isə görüş yeni Strateji İnkişaf Planının slayd şəklində təqdimatı ilə davam etdi. Səbinə xanım Strateji İnkişaf Planına daxil olan hər 5 məqsədi geniş şəkildə izah edərək, edilən dəyişiklikləri və əlavələri iştirakçıların nəzərinə çatdırdı.
Sonda hər bir rayon bölmə sədrinə yeni Strateji İnkişaf Planı(2016- 2020) təqdim olundu