Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icmaya əsaslanan sağlamlıq proqramı sahəsində həyata keçirilən fəaliyyətlərdə səhiyyə maarifi işi təşkil etməklə yanaşı, ehtiyacı olan insanların sağlamlıqları ilə olan ehtiyaclarını nəzərə almaq, diqqət və qayğı göstərilməsinə önəmli yer ayrılır. Bununla bağlı, Cəmiyyət ölkədə fəaliyyət göstərən dövlət və qeyri hökumət təşkilatlarla əməkdaşlıq çərçivəsində Regional Mərkəzlər və Rayon Bölmələri vasitəsilə müxtəlif tibbi-sosial yönümlü tədbirləri həyata keçirir. Belə ki, 14.05.2016 tarixində AzQAC (Sabunçu Rayon Bölməsi), Azərbaycan Diabet Liqası və “Çıraq” psixoloji dəstək ictimai birliyi ilə birgə yaşlı insanların sağlamlıqlarının qorunması məqsədilə Bilgəh qəsəbəsində yerləşən Мüharibə və Əmək Veteranları üçün Pansionatında (“Ahıllar evi”) tibbi-psixoloji yönümlü tədbir təşkil olunmuşdur. İlk olaraq yaşlılar arasında şəkərli diabetin təhlükəsini qiymətləndirmək məqsədilə onlara Azərbaycan Diabet Liqasının tibb işçiləri tərəfindən tibbi-laborator skrininq müayinə təşkil edilmişdir. Tədbirə qatılan AzQAC-in könülləri pansionatda yaşayan ahılların cəlb olunmasında fəal iştirak etmişlər. Müayinə zamanı (60 nəfər cəlb olunmuşlar) ahılların əksəriyyətində ürək-damar xəstəlikləri, qan təzyiqin yüksəlməsi, oynaq ağrıları və s. xəstəliklərdən əziyyət çəkmələri müəyyən olunmuş, 20 nəfərdə isə şəkərli diabet aşkarlanmışdır. Müayinələrdən sonra “Çıraq” psixoloji dəstək ictimai birliyinin əməkdaşları və könüllüləri ahılların psixi sağlamlıqlarının yaxşılaşdırması məqsədilə psixoloji məşğələlər keçirmişlər. Sonda ahıllar onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirdilər.