Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Gənclər və Könüllülər şöbəsinin 2016-2020-ci il strateji planının əsas məqsədi Gənclər və Könüllülərin idarəetmə sisteminin inkişaf etdirilməsi və bununla da sosial cəhətdən zəif müdafiə olunan və qayğıya ehtiyacı olan əhaliyə könüllü xidmətin səmərəliyinin artırılmasından ibarətdir.
1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. BMT Baş Assambleyasının 1950-ci il iyunun 1-də təşkil etdiyi qadınların beynəlxalq konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin konfransda da iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.
Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Uşaqlar Azərbaycanda əhalinin təxminən 30 faizini təşkil edir.
Bununla əlaqədar olaraq, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Gənclər Komitəsi, Gənclər və könüllülər şöbəsi və AzQAC Sabunçu rayon bölməsinin birgə təşkilatçılığı ilə Sabunçu rayonunda yerləşən 10 saylı internat tipli məktəbin və aztəminatlı ailələrin 50 nəfər uşağı üçün bayram tədbiri keçirildi.
Tədbir 1 iyun 2016-cı il tarixində Bakı şəhərində yerləşən Balu əyləncə mərkəzində baş tutdu. Bayram əhval –ruhiyyəsi ilə bəzədilən zalda uşaqlar üçün hər bir şərait yaradılmışdı.
Tədbiri giriş sözü ilə AzQAC-ın İcraçı Katibin müavini və Gənclər və Könüllülər şöbəsinin müdiri Xalidə xanım İsgəndərova açaraq, müraciətlərinə cavab olaraq, qeydiyyatlarında olan 50 nəfər sağlamlıq imkanları məhdud uşaqlara təmənnasız olaraq belə gözəl bayram şənliyi təşkil etdiyi üçün Balu əyləncə mərkəzinin rəhbərliyinə öz dərin təşəkkürünü bildirdi. Daha sonra bu gül balaları bayram münasibəti ilə təbrik etmiş, onlara can sağlığı arzulamışdır.
Uşaqlar Balu əyləncə mərkəzində olan uşaq atraksionlarında əyləndilər.Daha sonra əyləncə mərkəzinin sinema zalında uşaqlar müxtəlif filmlər seyr etdilər. Tamaşa zalında isə uşaqları klounlar bolluca əyləndirdilər, intellektual oyunlar keçirtdilər, uşaqlar bildikləri şeir və mahnılarla tədbirə rəng qatdılar, rəqs edib bolluca şənləndilər.Hətta əlavə olaraq, uşaqlar üçün xüsusi şərait yaradılmışdır ki, özləri atraksionda oyun oynayıb hədiyyə qazansınlar. Bu da onların böyük sevincinə səbəb oldu. Əyləncə mərkəzi tərəfindən bayram süfrəsi açıldı, cürbəcür dadlı yeməklər və şirniyyat süfrəsi təqdim olundu. Daha sonra isə Qızıl Aypara Cəmiyyətinin maliyyə imkanları hesabına alınan hədiyyələr uşaqlara təqdim edildi.
Sonda tədbirdə iştirak edən internat məktəbinin direktoru və müəllimləri tədbirin ərsəyə gəlməsində Qızıl Aypara Cəmiyyətinin rəhbərliyinə, əməkdaşlarına və könüllülərinə, Balu əyləncə mərkəzinin rəhbərliyinə və əməkdaşlarına, AzQAC Sabunçu rayon bölməsinin rəhbərliyinə və könüllülərinə keçirdikləri bu tədbir üçün öz təşəkkürlərini bildirdilər. Biz də Cəmiyyət olaraq bütün dünya uşaqlarını bu bayram münasibətilə təbrik edir, onlara can sağlığı arzu edirik.