Uşaqların Beynəlxalq Müdafiəsi Günü (ing. International Children’s Day) – 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə ölkədə geniş tədbirlərin keçirilməsinə dair qərarlar vermişdir. Hal-hazırda ana və uşaqların sağlamlıqlarının yaxşılaşdırılması ilə bağlı proqramlar həyata keçirilir.
Bunu nəzərə alaraq, AzQAC-in “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi M.Ə.Mirqasımov adına Respublika Xəstəxanasının doğum şöbəsində yeni doğulmuş uşaqların anaları ilə görüş keçirildi. Görüşə cəlb olunan analara, AzQAC “İcmaya əsaslanan sağlamlıq” proqramının rəhbəri , pediatr Mətanət Qaraxanova tərəfindən uşaq müdafiəsində valideynlərin iştirakına dair geniş məlumatlar təqdim edilmişdir. Təqdim olunan məlumatlarda uşaqların böyüməsində, şəxsiyyət kimi formalaşmasında məsuliyyət daşıyan valideynlər və onları əvəz edən böyüklərin rolu, necə iştirakı haqqında vurğulanmışdır. Uşaq hüquqlarına daxil olan onların uşaq dövründə müdafiə olunma hüququ, onların hər bir təhlükədən qorunması, sağlam ( fiziki və psixi inkişafı baxımından) sosial rifah şəraitində böyüməsi üçün bir daha böyüklərin xüsusi bilik və bacarıqlara malik olmasının vacibliyi qeyd olunmuşdur. Təqdim edilən məlumatlara iştirakçılar maraq nümayiş etdilər və suallar verdilər.