Miqrasiya bu gün dünyanı düşündürən və narahat edən ən aktual problemdir. Hər yerdə olduğu kimi Azərbaycanda da miqrasiya ilə bağlı olan problemlər daimi müasir və diqqətçəkən bir məsələdir. Azərbaycanın ən böyük humanitar təşkilatı olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) də bu yöndə layihə və tədbirlərin həyata keçirilməsini artıq daha geniş spektrdə öz fəaliyyət planına daxil etmişdir. Bu məqsədlə, 2013-cü il oktyabrın 01-də ölkədə ilk olaraq miqrantlara təmənnasız Azərbaycan dili kursunu açmışdır. Artıq o vaxtdan iki tədris ili keçib və miqrant-müdavimlər artıq bu gün -18.07.2016-cı ildə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Konfransında kursun 3-cü buraxılışına həsr olunmuş tədbirə toplaşıblar. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İcraçı katibi Ceyhun Mirzəyev, İcraçı katibin müavini Şaban Şayev , İnformasiya şöbəsinin müdiri Seymur Hümbətov, (AzQAC) miqrasiya şöbəsinin müdiri, Dövlət Miqrasiya Xidməti yanında İctimai şuranın Katibi Məmməd Kətanov, Azərbaycan dili müəllimi, miqrasiya şöbəsinin əməkdaşı Sona Hacıyeva, Qan donorluğu və Vərəmli xəstələrə nəzarət layihələrinin koordinatoru Mətanət Qaraxanovanın olduğu bu tədbirdə Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın Sədri, ”Həyat“ Beynəlxalq təşkilatının Humanitar Dəstək ictimai birliyinin rəhbəri Azər Allahverənov, Qaçqın Qadın və Gənclər Mərkəzinin rəhbəri Zəminə Səfərova, miqrant icmaları rəhbərləri və başqaları da iştirak edirdilər. Tədbiri giriş sözü ilə AzQAC–nin Azərbaycan dili müəllimi Sona Haciyevaya açaraq dedi ki, artıq bir neçə ildir miqrantlar üçün müxtəlif dillərdə kursların və dərnəklərin təşkili miqrantlara çox böyük dəstək olub və onların cəmiyyətə inteqrasiyasını asanlaşdırıb. O, miqrantların bu kursdan razı qaldıqlarını və artıq sərbəst öz fikirlərini ifadə edə bildiklərini önə çəkərək AzQAC–nin rəhbərliyinə təşəkkür etdi. Miqrantlar əvvəlcə Azərbaycan Respublikasının dövlət himnini və sonra AzQAC- nin himnini müəllimə ilə və sonra bütün iştirakçılarla birlikdə çox gözəl oxudular və hamını riqqətə gətirdilər. Sonra söz AzQAC-nin İcraçı katibi Ceyhun Mirzəyevə verildi. Natiq miqrasiya məsələsinin bu gün ən aktual və önəm kəsb edən məsələ olduğundan danışaraq onlara qayğı və diqqət göstərməyin vacibliyindən, AzQAC–nin azərbaycan dili dərslərinin təşkili təşəbbüsündən söz açaraq miqrantların cəmiyyətə inteqrasiyasına dəstək kimi bu kursun xüsusi əhəmiyyət daşıdığını vurğuladı. O qeyd etdi ki, miqrantlar ölkəmizdə qayğı və hörmətlə əhatə olunur. AzQAC onları daim diqqətdə saxlayır, onlara hər cür kömək göstərməyə hazırdır və bu işdə əlaqədar təşkilat və çəmiyyətlərlə də əməkdaşlıq edir. O, AzQAC –nin uzun illər “Həyat” Beynəlxalq Təşkilatı ilə olan əməkdaşlığından, daim onlarla qarşılıqlı anlaşmada olduğundan danışaraq bu dərslərin təşkili üçün göstərdikləri köməyə görə onlara minnətdarlığını bildirdi. Sonra ”Həyat“ Beynəlxalq təşkilatının Humanitar Dəstək ictimai birliyinin rəhbəri Azər Allahverənova və Qaçqın Qadın və Gənclər Mərkəzinin rəhbəri Zəminə Səfərovaya söz verildi. Onlar görülən işlərdən, miqrantların vəziyyətindən, onların üzləşdikləri çətinliklərdən söz açaraq, onların timsalında neçə illər bundan əvvəl bizim də soydaşlarımızın yarıtmaz siyasət nəticəsində düşdükləri eyni durumu xatırladığını ürək ağrısı ilə toplaşanların nəzərinə çatdırdı, bu kursun onların həyatına bir yüngüllük gətirdiyini və cəmiyyətdə daha asan yerləşmələrinə yardımçı olduğunu bildirdilər və Aypara Cəmiyyəti ilə olan əməkdaşlıqdan söz açdılar. Bu kursun təşkilinə və dərslərin çox yüksək səviyyəsinə görə AzQAC-nin rəhbərliyinə, Sona Hacıyevaya, Məmməd Kətanova və Mətanət Qaraxanovaya təşəkkür etdilər və müdavimləri kursun başa çatması münasibəti ilə təbrik etdilər. İcraçı katibin müavini Şaban Şayev dedi ki, miqrant olmaq həyatdan kənarda qalmaq demək deyil, dil öyrənmək çox mühüm bir addımdır, həyata rəng qatmaqdır, inkişafa doğru istiqamətlənməkdir. Kursun təşkili və çox müvəffəqiyyətlə davam etməsindən ötrü əziyyəti keçənlərə, kursun müəlliminə təşəkkür etdi.
Müdavimlərdən 11 yaşlı Mehdi Yagubi miqrant uşaqlar adından çox təsirli təşəkkür etdi
Üçüncü buraxılış münasibəti ilə hazırlanmış Sertifikatlar müvəffəqiyyət qazanmış 35 müdavimə qonaqlar tərəfindən bir-bir təqdim edildi.
Tədbiri müdavimlər Azərbaycan dilində hazırladıqları bədii təqdimatla davam etdirdilər. Təqdimatda müdavimlərin ifasında AzQAC-nin və Əfqanıstan Respublikasinin himnləri, rəngarəng bayatılar, atalar sözləri, vətənə, anaya həsr olunmuş şerlər, mətn parçalarında arzu və istəklərinin ifadəsi iştirakçılar tərəfindən heyranlıqla qarşılandı.
Sonda miqrantlar Qızıl Aypara Cəmiyyətinə, məxsusən müəllimə Sona Hacıyevaya, miqrasiya şöbəsinin müdiri Məmməd Kətanova, İctimai layihələr koordinatoru Mətanət Qaraxanovaya əlbir işdə göstərdikləri böyük köməyə görə öz təşəkkürlərini bildirdilər və xatirə şəkilləri çəkdirdilər.