Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020 illər üçün Strategiyanın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Fəaliyyət Planı qəbul edilmişdir. Bu planın 9.2.1-ci bəndinin icrası ilə əlaqədar Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Təhsil Nazirliyinin aidiyyəti qurumları ilə birgə 2016-ci ilin noyabr ayında Respublikanın seçilmiş 25 tam orta məktəbin şagirdləri və onların valideynləri, müəllimlər və məktəb daxilində fəaliyyət göstərən yeməkxanaların əməkdaşları arasında sağlam qidalanmaya dair biliklərin qiymətləndirilməsi, habelə məktəblilərin yeməkxanalardan ən çox aldıqları qida məhsullarının müəyyən edilməsi məqsədi ilə sorğu keçirilmişdir.
27 dekabr 2016-cı il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Bakı-Abşeron-da, Gəncə, Lənkəran, Saatlı, Göyçay, Qax, Quba və Qazax regionlarında aparılmış sorğunun nəticələri ilə bağlı Qızıl Aypara Cəmiyyəti, Təhsil Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin yanında Bilik Fondu, ATU-nun Qidalanma və kommunal gigiyena kafedrası, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Valideyn-Müəllim Assosiasiyası və Ümidli Gələcək Gənclər Təşkilatının nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil edilmiş və təqdim olunan nəticələr müzakirə olunmuşdur.
Tədbir iştirakçılarını salamlayan İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə məktəb yaşlı uşaqların məktəbdə qidalanması vəziyyətinin öyrənilməsinin əhəmiyyətindən, valideynlərin və məktəb müəllimlərinin buna diqqət ayırmasından söz açdı. O, həmçinin monitorinqin keçirildiyi paytaxt və digər yeddi regionda məktəb yeməkxanalarının şəraiti və imkanları, yeməkxanaların xidmət sahələri haqqında bəhs etdi.
Daha sonra sorğunun nəticələri barədə İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdir müavini Nabil Seyidov çıxışında sorğunun mahiyyəti, hansı istiqamətlərdə keçirilməsi və hansı nəticələrin əldə olunması haqqında ətraflı məlumat təqdim etdi. Təqdimatdan sonra tədbir iştirakçıları arasında sorğunun yekunlarına dair fikir mübadiləsi aparıldı və sorğunun müzakirə obyekti olan məktəblilərin qidalanmasının, ümumiyyətlə problemli mövzu olduğu bildirildi. İştirakçılar uşaqlar üçün faydalı qida normativlərinin yaradılması, həm məktəblilər, həm valideynlər, həm də müəllim heyətinin sağlam qidalanma probleminə yanaşma tərzlərinin dəyişməsi üçün İSİM tərəfindən aparılan sorğunun vacibliyini vurğuladılar. Masa iştirakçılarının sorğunun nəticələrinə əsasən şagirdlər arasında sağlam qidalanmaya dair maarifləndirmə işinin səmərəli olması üçün məktəb yeməkxanalarında standartlaşdırılmış sağlam qidalanma posterlərinin olması, Pedaqoji Universitet və Kolleclərdə tələbələr üçün sağlam qidalanmaya kurikulumların keçirilməsi, Uşaq qida Fondunun yaradılması məsələlərinə baxılması və s. kimi önəmli təklifləri oldu.
Dəyərli fikirlərə Azərbaycan Qızıl Aypara Cəmiyyəti adından qoşularaq qeyd edildi ki, cəmiyyət öz imkanlarından, çəbəkəsindən isifadə edərək bu məsələdə həm Səhiyyə və həm də Təhsil Nazirliyinə dəstək olmağa və maarifləndirmə işlərinə qoşulmağa daimi hazırdı. Qeyri-İnfeksion Xəstəliklər sahəsəində öz əksini tapan düzgün və sağlam qidalanma mövzusu Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasına daxil olan bir şox Milli Cəmiyyətlər tərəfindən fəallıqla müxtəlif tədbirlərin təşkil olunması vasitəsilə yayılır.