1920-ci ildə mart ayının 10-da təsis olunmuş Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu il özünün 97-ci il dönümünü qeyd edir. 7 aprel 2008-ci ildə Azərbaycan Respublikası Prezidenti, zati-aliləri, möhtərəm İlham Əliyev cənablarının “Qızıl Aypara gününün təsis edilməsi haqqında” imzaladığı Sərəncama uyğun olaraq, hər il mart ayının 10-u “Qızıl Aypara Günü” kimi qeyd edilir. Bu əlamətdar gün münasibətilə bu il də AzQAC bir sıra silsilə tədbirlər həyata keçirir. Bu günün önəminə uyğun olaraq, ilk olaraq Cəmiyyətin Prezidenti Novruz Aslanov başda olmaqla, rəhbərlik, Rəyasət heyəti üzvləri, könüllülər AzQAC-ın Fəxri üzvü, Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etmiş və əklil qoymuşdur. Daha sonra isə Şəhidlər Xiyabanında şəhidlərimizin məzarı ziyarət edilmişdir.
Jurnalistlər qarşısında çıxış edən Azərbaycan QAC-ın Prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov Cəmiyyətin keçdiyi 97 illik şanlı tarixi yolundan ətraflı bəhs etmiş, verilən sualları dolğun cavablandırmışdır.
Tədbirin davamı olaraq, Azərbaycan Texniki Universitetində qanvermə aksiyası keçirilmişdir. Bunlarla yanaşı günün önəminə uyğun olaraq, AzQAC-ın bütün rayon və şəhər bölmələrində humanitar aksiyalar keçirilmişdir. Tədbirlərdə AzQAC-ın rəhbərliyi, kollektivi, çoxsaylı üzvləri və könüllüləri, həmçinin, Azərbaycan Texniki Universitetinin rəhbərliyi və kollektivi iştirak etmişlər.
Aksiyanı açıq elan edən Texniki Universitetin rektor əvəzi, professor Xalıq Yahudov AzQAC-ın humanitar sahədə gördüyü işlərin önəmindən söz açmışdır. Texniki Universitetin qanvermə aksiyasında AzQAC-a dəstək olmasının vacibliyini vurğulamışdır. Daha sonra, söz AzQAC-ın İcraçı Katibi Ceyhun Mirzəyevə verilmişdir. İştirakçıları Cəmiyyətin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanovun adından salamlayan İcraçı Katib səhiyyə sahəsində AzQAC-ın fəallığından danışmışdır.
Tədbirdə 50-dən çox insan qan verərək bu aksiyada iştirak etmişdir.