2012-ci ildən etibarən 2015-ci ilə qədər İsmayıllı və Qusar rayonlarının kəndlərində müvəffəqiyyətlə keçirilən “Təhlükəsiz və möhkəm icmaların qurulması” (TMİQ) layihəsi çərçivəsində seminar-təlim keçirilmişdir. Bakı şəhərində “Askar Hotel”də baş tutan tədbirdə AzQAC-ın rəhbərliyi, layihənin həyata keçirildiyi kənd icmalarının, İsmayıllı və Qusar İcra Hakimiyyətinin, Avstriya İnkişaf Agentliyinin və Avstriya Qızıl Xaç Cəmiyyətinin nümayəndələri iştirak etmişlər.
Seminarın açılış nitqini söyləyən AzQAC-ın vitse-prezidenti Qafar Əsgərzadə Cəmiyyətin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanovun salamlarını və xoş arzularını təlim iştirakçılarına çatdırmışdır. Vitse-prezident çıxışında layihənin icmalar üçün önəmini vurğulayaraq, Qusarda və İsmayıllıda keçirilməsinin təsadüfi olmadığını qeyd etdi və gələcəkdə bu layihənin digər bölgələrdə də həyata keçiriləcəyinə ümidvar olduğunu bildirdi.
Daha sonra çıxış edən Cənubi Qafqaz üzrə TMİQ layihəsinin koordinatoru Mixail Qrabner layihənin gedişatı və gördükləri işlər barədə məlumat verdi.
Layihənin qiymətləndirilməsi yönündə görülən işlərdən danışan AzQAC prezidentinin müşaviri Elşən Səlimzadə həm də, onun əhatə dairəsinin genişliyi haqqında ətraflı məlumat verdi.
TMİQ layihəsinin həyata keçirildiyi kənd icmalarının nümayəndələri də çıxışlarında kəndlərdə yaşayan insanların adından öz müraciətlərini qonaqlara çatdırdılar. Belə layihələrin digər kəndlərində də keçirilməsini məsul nümayəndələrdən rica etdilər.
Daha sonra TMİQ layihəsi haqqında AzQCA-ın Fövqəladə Hallara hazırlıq və cavabvermə şöbəsinin müdiri Fərid Seyidzadə iştirakçılara geniş prezentasiya etdi.
Növbəti prezentasiyanı isə Anna Kobak təqdim etdi. Çıxışında bu sahədə Avropa təcrübəsindən və onun Azərbaycan tətbiq edilməsində danışdı. İlk dəfə ölkəmizdə olan qonaq bu layihənin keçirilməsinin önəmindən bəhs etdi.
Təhlükəsiz və möhkəm icmaların qurulmasında sağlamlığın rolunu və əhəmiyyətini əks etdirən prezentasiyanı təqdim etmək üçün söz AzQAC-ın Sağlamlıq və Qayğı şöbəsinin müdiri Səbinə Nura verildi. Səbinə xanım öz çıxışında sağlamlığın icmaların inkişafındakı önəmindən bəhs etdi. Öz təcrübələrini iştirakçılarla paylaşdı.