Mülki Müdafiə Təlim Proqramı və Şərq Tərəfdaş Ölkələrində Təbii və Texnogen Fəlakətlərin Qarşısının Alınması, Hazırlıq və Cavab Tədbirləri üzrə Şərq Proqramı çərçivəsində (PPRD East) Finlandiyanın Kuopiyo şəhərində yerləşən Krizislərin İdarəetmə Mərkəzində 2017-ci il may ayının 14-dən may ayının 20-ə kimi sonuncu təlim (Advanced Training Course) təşkil olunmuşdur. Təlimdə vaxtılə digər mərhələləri keçib uğurla bitirmiş Qafqaz (Azərbaycan, Ermənistan, Gürcüstan), Belarus, Moldova və Ukrayna ökələrindən olan namizədlər (hər ölkədən üç-dörd nəfər) iştirak etmişlər.
Təlim təbii fəlakətlər zamanı düzgün əməliyyatların aparılmasının əsas elementidir və ona görə də təlim boyu koordinasiya mexanizmlərinə xüsusi diqqət yetirilmişdir. Təlimdə təqdim olunan mövzulara yeni və bundan öncə istifadə olunan mövzular daxil edilmişdir: təbii fəlakətlərdə həyata keçirilən əməliyyatlar zamanı danışıqların aparılması, beynəlxalq əməliyyatların ölkə səviyyəsində idarə olunması, məlumatın idarəedilməsi və istiqamətləndirilməsi, müxtəlif tərəfdaşlarla, Qeyri-Hökümət Təkilatları, Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tərkib hissələri olan Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası, Beynəlxalq Qızıl Xaç Komitəsi, Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri ilə əməkdaşlıq, kütləvi informasiya vasitələri ilə işlərin qurulması və məlumatların düzgün ötürülməsi. Daha geniş şəkildə izah edilmiş mövzular praktiki məşqələlərlə müşaiət olunmuşdur.
Təlimdə Azərbaycan nümayəndəliyini Fövqəladə Hallar Naziliyinin əməkdaşları (Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarənin nəzdində Layihələrin idarə edilməsi şöbəsinin əməkdaşı İlkin Kəngərli və Beynəlxalq Əlaqələr İdarəsinin əməkdaşı, baş zabit Vuqar Qurbanov) və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı (Cəmiyyətin İcraçı Katibinin müavini Səbinə Məhbubi-İran) təmsil etmişlər. Təlimat boyu nümayəndəlik tərəfindən yüksək səviyyədə nümayiş edilmiş fəallığı, bacarıqları və təcrübəni xüsusi olaraq qeyd etmək lazımdır.