1 iyun bütün dünyada Uşaqların Beynəlxalq Müdafiə Günü kimi qeyd olunur. Bu təsadüfi deyil, çünki müasir dövrdə uşaqların problemlərinin həlli, uşaq hüquqlarının qorunması ən aktual vəzifələrdən biridir. Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması kimi məsələlər, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.
1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar Sabunçu rayon bölməmiz 1 nömrəli Respublika Psixiatriya xəstəxanasında 40 nəfər xəstə uşaq üçün tədbir keçirmişdir. Tədbiri açan Sabunçu RB-nin sədri Elmira Məlikova qeyd etdi ki, tarix boyu hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab edib. Azərbaycan dövləti də bu mühüm məsələyə qayğı ilə yanaşır. Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə əhatə olunub. Uşaqları təbrik edərək onlara gələcək həyatlarında sağlamlıq, uğurlar arzulayıb və qeyd edib ki, uşaqlar bizim gələcəyimizdir.
Uşaqlar üçün təşkil olunmuş bayram konserti və şirin masa onların böyük sevincinə səbəb olaraq, bayram əhval ruhiyyəsi bəxş etmişdir.