20 noyabr tarixi –Uşaq Hüquqları Bəyannaməsinin (1959) və Uşaq Hüquqları Konvensiyasının (1989) BMT-nin Baş Assambleyası tərəfindən qəbul edildiyi gün Ümumdünya Uşaqlar Günü kimi qeyd olunur. Hər il olduğu ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) 20 oktyabr-20 noyabr tarixlərində “Uşaq Hüquqları aylığı” təşəbbüsünü irəli sürmüşdür. Aylıq çərçivəsində Müvəkkil bütün aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, QHT və KİV-ə müvafiq tədbirlərin həyata keçirilməsi ilə bağlı müraciət ünvanlamışdır. Belə ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rayon bölmələri bu fəaliyyətlər çərçivəsində yerli qurumlarla birgə maarifləndirmə tədbirlərini təşkil etmişlər.
Sabunçu Rayon İcra Hakimiyyəti və AzQAC Sabunçu Rayon Bölməsinin birgə təşkilatçılığı ilə Bakı Dövlət Sosial-İqtisad Kollecinin akt zalında “Uşaq Hüquqları aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə
5 nömrəli köçkün məktəbin direktoru S. Məmmədova, Az.Resp. İnsan Hüquqları üzrə müvəkkilinin (Ombudsman) uşaq hüquqları üzrə ixtisaslaşmış müşaviri N.Ağayeva, Azərbaycan Respublika Qadınlar Cəmiyyətinin sədri Bahar Qasımova, Sabunçu Rayon İcra Hakimiyyətinin S.Hünbətova və AzQAC Sabunçu RB sədri E. Məlikova çıxış edərək, uşaq hüquqlarından, müharibə şəraitində yaşayan və əziyyət çəkən uşaqların pozulmuş hüquqlarından, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsindən söhbət açdılar. Tədbirdə 5 nömrəli Füzuli qaçqın məktəbinin şagirdləri bədii-ədəbi kompozisiya ilə çıxış etdilər.
Digər tədbir, Respublika Uşaq Xəstəxanasında uşaq həkimləri üçün “Uşaq hüquqları-pediatrlar nə edə bilər” mövzusu altında seminar təşkil olunmuşdur. Adı çəkilən seminarda AzQAC “İcmaya əsaslanan sağlamlıq” proqramın kordinatoru M.Qaraxanova həkim-pediatrlara uşaqların Uşaq hüquqları – Yaşamaq hüququ, Müdafiə hüququ, İnkişaf hüququ, İştirak hüququ kimi kateqoriyalar barədə geniş məlumatlar təqdim etmişdir. O, pediatrları Uşaq Hüquqları Koensiyasına daxil edilən maddələrlə tanış etdi və həkimləri uşaqların sağlamlığının keşiyində həyata keçirilən fəaliyyətlərində uşaq hüquqlarının müdafiəsi prizmasından yanaşaraq, bu sahədə fəal olmağa çağırmışdır.