Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsi və İctimaiyyətlə əlaqə idarəsinin birgə təşkilatçılığı ilə 1 mart 2018-ci il tarixində Bakı şəhəri 6 nömrəli orta məktəbdə 1 mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirdə məktəbin müəllim və şagirdləri, BMT-nin Azərbaycan üzrə nümayəndəliyinin, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin, Beynəlxalq Qızıl Xaç Komitəsinin, Gənclər və İdman Nazirliyinin və FHN-in əməkdaşları iştirak etmişlər.
İlk olaraq iştirakçılar “Fövqəladə hallar uşaqların gözü ilə” uşaq yaradıcılıq müsabiqəsindən seçilmiş əl işlərindən ibarət sərgi ilə tanış olmuşlar. Daha sonra FHN tərəfindən hazırlanmış “Təhlükəsiz həyat” adlı videoçarx nümayiş olunmuşdur.
Tədbirdə çıxış edən FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov nəzərə çatdırmışdır ki, Ümumdünya Mülki Müdafiə Gününün qeyd olunmasında əsas məqsədin ictimaiyyətin diqqətinin mülki müdafiə işinin təşkili məsələlərinə cəlb etmək olmuş, respublikamızda texniki və təbii mənşəli fövqəladə halların baş vermə ehtimallarının hər zaman mövcud olduğunu diqqətə çatdırmışdır.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidentinin müşaviri Elşən Səlimzadə çıxışında təhsil müəssisələrində, ali təhsil ocaqlarında mülki müdafiə və əhalinin təhlukəsizliyinin təminatı kimi vacib məsələlərlə bağlı maarifləndirmə işləri görüldüyünü vurğulamışdır.
Sonda 6 nömrəli orta məktəbinin şagirdlərinin hazırladığı zəlzələ zamanı davranış qaydalarına dair səhnəcik nümayiş olunmuş, şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.