Azərbaycan Qızıl Aypara Cəmiyyəti Respublikada içtimai səhiyyə, humanitar sahəsində Dövlətə yardımçı rolunu oynayaraq, yerli hökumət, QHT, özəl təşkilatlarla əməkdaşlıq çərçivəsində, Regional Mərkəzlər və Yerli Bölmələr vasitəsilə əhali arasında geniş səhiyyə maarifi işini təşkil edir.
Son illərdə ölkədə əhaliyə psixi sağlamlığın qorunmasında psixoloji xidməti təşkil edən mərkəzlərdən «Loqos » Psixoloji və Nitq Mərkəzini qeyd etmək olar. AzQAC-in əməkdaşları Mərkəz tərəfindən təşkil edilən seminar və tədbirlərdə mütəmadi iştirak edirlər.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020 gələcəyə baxış” İnkişaf Konsepsiyası”da “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nın qəbulu və həyata keçirilməsi nəzərdə tutulmuşdur. Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlər planına uyğun olaraq, sağlamlıq imkanları məhdud uşaqların erkən aşkarlanması və onlara yardımın göstərilməsinin təşkil edilməsinə dair tədbirlər həyata keçirilir. Buna əsaslanaraq, həm AzQAC, həmdə «Loqos » Psixoloji və Nitq Mərkəzi əhali arasında uşaq inkişafına dair məlumatların təbliğatında fəal iştirak edirlər.
Belə ki, AzQAC “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində, may ayının 5-də «Loqos » Psixoloji və Nitq Mərkəzinin könülləri üçün (Azərbaycan Dövlət Universiteti, Azərbaycan Pedaqoji Universiteti, Slavyan Universiteti) « Uşaq inkişafı, sağlamlığı » na həsr edilən seminar keçirilmişdir. Keçirilən görüşdə AzQAC-in “İcmaya əsaslanan sağlamlıq” proqramının rəhbəri Mətanət Qaraxanova uşaq inkişafına dair geniş məlumatları prezentasiya şəklində təqdim etdi. O, analara uşağın inkişafına dair məlumatları izah edərək, uşağın inkişafına diqqət və vaxtında dəstək verilməsinin əhəmiyyətli olduğunu xüsusi vurğulamışdı. Qeyd edildi ki, uşağın inkişafında olan çətinliklərin vaxtında aradan qaldırılması, gələcəkdə əlilliyin qarşısının alınması mümkündür. Seminarda iştirak edən tələbələr keçirilən mövzunun onların həm həyatında, həmdə gələcək fəaliyyətində önəmli və gərəkli olduğunu vurğuladılar. Gələcəkdə bu kimi seminarın keçirilməsi arzularını bildirdilər.