AzQAC yarandığı 1920-ci ildən bu günədək əhalinin az təminatlı ailələrinə, müalicəyə və yardıma ehtiyacı olanlara, tənha qocalara, miqrantlara və s. kimi kövrək qruplardan olan insanlara humanitar missiyası çərçivəsində daim dəstək verir.
Cəmiyyət müqəddəs “Ramazan” bayramında da ehtiyaclı insanları yaddan çıxarmamış, onlara ərzaq bağlamaları paylamışdır. Tədbir AzQAC-ın AMEA bölməsinin təşkilatçılığı və AMEA-nın dəstəyi ilə təşkil edilmişdir. AMEA-nın əsas binasında baş tutan tədbirdə AzQAC-ın vitse-prezidenti Qafar Əsgərzadə, yayım sektorunun rəhbəri Xalid Xəlilov, AzQAC-ın AMEA bölməsinin sədri Ceyran Nağıyeva, AMEA İşlər idarəsinin müdir müavini Sərdar Əliyev iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Akademiyanın İşlər İdarəsnin müdir müavini Sərdar Əliyev AzQAC-ın AMEA bölməsinin fəaliyyətlərini yüksək qiymətləndirmiş, Cəmiyyətin humanitar missiyasının yerinə yetirilməsində köməklik göstərən AzQAC-ın rəhbərliyinə təşəkkürünü bildirmişdir.
Daha sonra çıxış edən AzQAC-ın vitse-prezidenti Qafar Əsgərzadə Cəmiyyətin prezidenti və Milli Məclisin deputatı cənab Novruz Aslanovun salamlarını və bayram təbriklərini iştirakçılara çatdırmışdır. Bölmənin fəaliyyətini yüksək qiymətləndirən natiq bundan sonra da bölmə tərəfindən bu qəbil aksiyaların keçirilməsinə ümidvar olduğunu bildirmişdir.
Tədbirdə 80 nəfər ehtiyaclı insana byaram münasibətilə ərzaq bağlamaları paylanılmışdır. AzQAC və AMEA bölmə rəhbərliyinə minnətdarlıq ifadə olunmuşdur.