25 iyul 2018-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) Qusar rayonundakı Peşə Litseyində taktiki-xüsusi təlim tədbiri keçirmişdir.
Tədbir “Təhlükəsiz və möhkəm icmaların qurulması” layihəsi (TMİQ) çərcivəsində, Fövqəladə Hallar Nazirliyi və AzQAC-ın arasında imzalanmış Əməkdaşlıq Memorandumu əsasında təşkil olunmuşdur.
Əvvəlcə Qusar rayon icra hakimiyyətinin başçısının birinci müavini cənab Şahid Fərəməzov, Avstriya dövlətinin Azərbaycandaki Fövqəladə və Səlahiyyətli səfiri cənab Aksel Vexın, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse prezidenti cənab Qafar Əsgərzadənin, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı katibi Ceyhun Mirzəyevin, Fövqəladə Hallar Nazirliyinin, Beynəlxalq Qızıl Xaç Komitəsinin, Birləşmiş millətlər təşkilatının Inkişaf Agentliyinin (UNDP) və UNICEF nümayəndəliyinin üzvlərinin iştirakı ilə dairəvi masa keçirilmiş, layihənin mahiyətindən və keçiriləcək təlim haqqında ətraflı məlumatlar verilmişdir.
Təlimə, həmçinin, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt Regional Mərkəzinin rəhbərliyi və Mobil könüllü dəstəsi, Qusar Rayon İcra Hakimiyyətinin, Daxili İşlər və Səhiyyə nazirliklərinin qüvvə və vasitələri də cəlb olunmuşdur. Təlimin gedişində şərti olaraq zəlzələ və meşə yanğını nəticəsində yaranmış vəziyyətin qiymətləndirilməsi aparılmış, yerli idarəetmə orqanları ilə qarşılıqlı fəaliyyətdə təhlükəli ərazilərdən insanların təxliyyəsi, axtarış-xilasetmə tədbirlərinin həyata keçirilməsi, yaralılara xəstəxanaya qədərki ilk yardımın təşkili və stress halına düşmüş insanlara ilk psixoloji yardımın göstərilməsi, ictimai asayişin qorunması, ümumiyyətlə fövqəladə hadisənin nəticələrinin aradan qaldırılması sahəsində birgə əməliyyatlar nümayiş etdirilmişdir.
Sonda təlimdə fəal iştirak edənlərə diplom və hədiyyələr təqdim olunmuşdur.
Qeyd edək ki, “Təhlükəsiz və möhkəm icmaların qurulması” layihəsi Azərbaycanın İsmayıllı və Qusar rayonlarında Avstriya İnkişaf və Əməkdaşlıq Agentliyi, Avstriya Qızıl Xaç Cəmiyyətinin maliyyə və texniki dəstəyi, İsmayıllı və Qusar rayonlarının İcra hakimiyyətləri və kənd bələdiyyələrinin dəstəyi, yerli icmaların fəal iştirakı ilə 2012-ci ildən etibarən uğurla həyata keçirilməkdədir.