Sentyabrın 11-də 2017-2018-ci il tədris ilinin yekunlarına və 2018-2019-cu tədris ilinin başlanmasına həsr edilmiş Pirallahı rayon müəllimlərinin konfransı keçirildi. Tədbirdən əvvəl Rayon İcra Hakimiyyətinin və Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin əməkdaşları tərəfindən 100-dən artıq aztəminatlı ailədən olan şagirdə məktəbli forması paylanıldı. Tədbirdə Pirallahı RİH-nin, eləcə də digər idarə və müəssisələrin əməkdaşları, rayonun orta məktəblərinin pedogoji heyəti, həmçinin bu il ali məktəblərə qəbulda yüksək bal toplamış abituriyentlər və onların valideynləri iştirak etdilər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra söz Pirallahı Rayon İcra Hakimiyyəti başçısının I müavini Vəzir Səfixanova verildi.
100-dən artıq aztəminatlı ailədən olan şagirdə məktəbli forması paylanıldı
RİH başçısı Vasif İmanovun salamlarını və yeni dərs ilinin başlanması ilə əlaqədar təbriklərini tədbir iştirakçılarına çatdıran V.Səfixanov ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi və iqtisadi kursun, bütün sahələri əhatə edən islahatların ölkəmizin Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində son illər Azərbaycanın dünyada ən qabaqcıl ölkələr sırasına çıxdığını vurğuladı, müstəqillik yolunda inamla addımlayan Azərbaycanın inkişafında təhsilin önəmli yerlərdən birini tutduğunu qeyd etdi.