Miqrasiya globallaşan dünyanın ayrılmaz hissəsi olaraq,sosial-iqtisadi həyatın bir çox tərəflərinə toxunan mürəkkəb ictimai prosesdir və ümumən, müsbət xarakter daşıyır. Azərbaycanın dünya iqtisadiyyatının bir parçası olduğundan artıq 2000-ci ildən Azərbaycana da miqrant axını başlayıb. Prezident İlham Əliyev demişdir: “Azərbaycan xalqı qonaqpərvər xalqdır, ölkəmizdə aparılan quruculuq və abadlıq işləri, iqtisadiyyatdakı inkişaf miqrantları bizim ölkəyə cəlb edir və bizim miqrasiya qurumumuz hesabına elə bir idarəetmə yaratmışıq ki, miqrantlar özlərini rahat hiss etsinlər.”
Respublikamızda miqrasiya sahəsində dövlət siyasəti uğurla həyata keçirilir və digər cavabdeh qurumlarla bahəm ölkənin beynəlxalq aləmdə tanınmasına və inkişafına öz töhfələrini verən Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) də daimi olaraq qaçqın və məcburi köçkünlərlə iş aparır və onlara mütəmadi olaraq müvafiq humanitar yardımlar edir.
2011-ci ildə İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının 31-ci Beynəlxalq Konfransında imzalanmış (Azərbaycan Dövləti adından AzQAC) 3 saylı qətnamədən irəli gələn vəzifələrdən biri olaraq sosial inteqrasiyaya dəstək kimi, Cəmiyyətin prezidenti, Millət vəkili Novruz Aslanovun təşəbbüsü ilə artıq 6-cı ildir ki, əcnəbi miqrantlara BMT-nin Qaçqınlar üzrə Ali Baş Komissarlığının Qaçqın Qadın və Gənclər Mərkəzində (QQGM) təmənnasız Azərbaycan dili kursunu təşkil etmişdir. Kurs daimidir və il ərzində müraciətlər qəbul olunur. Kursa hər tədris ili ərzində xeyli sayda müdavim qatılmış və ilin sonunda 35-45 miqranta müntəzəm davamiyyət və yaxşı göstəriciyə görə 9 aylıq kursun şəhadətnaməsi verilmişdir. Miqrasiya şöbəsinin təhsil üzrə əməkdaşı Sona Hacıyeva tərəfindən bu kurs yay ərzində də məktəbə hazırlıq yönümündə davam etdirilir və bunun nəticəsində bu il 38 nəfər miqrant uşağı yüksək sınaq göstəricisi ilə Bakı şəhərindəki məktəblərin müvafiq siniflərinə qəbul olunmuşlar.3 nəfər isə Ali təhsil müəssisələrinə qəbul olunmuşlar.
AzQAC Miqrasiya şöbəsi sorğu vərəqələrinin nəticələrinə müvafiq olaraq bu il də öz layihəsinin davamı kimi oktyabr ayının 1-də müqrantlar üçün Qaçqın Qadın və Gənclr Mərkəzində təmənnasız Azərbaycan dili kursunun 6-cı tədris ilinin açılışını etdi. Açılışı giriş sözü ilə QQGM-in meneceri Afət Yunusova edərək qonaqları, miqrantları və icma liderlərini salamladı. Sonra Miqrasiya şöbəsinin təhsil üzrə əməkdaşı Sona Hacıyeva kursun AzQAC prezidenti Novruz Aslanovun şəxsi təşəbbüsü ilə açıldığına diqqəti çəkərək kursa davamiyyət və nəticələr barədə danışdı. O, əlavə yay dərslərini və qazanılan uğurları da iştirakçıların diqqətinə çatdırdı. Açılışda AzQAC İctimai Layihələr koordinatoru Mətanət Qaraxanova çıxışında Cəmiyyətin prezidenti Novruz Aslanovun və Miqrasiya şöbəsinin müdiri Məmməd Kətanovun salamlarını tədbir iştirakçılarına çatdırdı və dedi ki, bu kurs miqrantların cəmiyyətə inteqrasiyasında mühüm rol oynyır və müdavimlərə hər il Sertifikat və humanitar yardımlarlar verilir. Gələcəkdə də cəmiyyət bu yönümdə daha uğurlu addımlar atmağı, digər şöbələrlə müştərək seminar və görüşlər keçirməyi planlaşdırır.
Müəllimə Sona Hacıyeva müdavimlərin yeni kurs ili üçün qeydiyyatını apararaq Azərbaycan, onun tarixi,coğrafiyası və AzQAC-ın ölkədəki yeri və fəaliyyəti haqqında məlumat verərək, ilk tanışlıq dərsinə başladı. Dərsdə ilkin olaraq 26 müdavim iştirak etdi və onlara dərs ləvazimatı paylandı və onlar şirniyyat süfrəsinə dəvət olundular.