12 avqust 2015-ci il tarixində “Cenevrə Konvensiyalarının qəbulunun 66-cı ildönümü” və “Ümumdünya Gənclər Günü” münasibətilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsində könüllülərlə görüş keçirilmişdir. Tədbirdə Respublika Qızıl Aypara Cəmiyyətinin icraçı katibi Bayram Vəliyev də iştirak edirdi. Tədbiri giriş sözü ilə bölmənin sədri Mətanət Məhərrəmova açaraq, qonağı salamladı və günün mahiyyəti barədə iştirakçılara qısa məlumat verdi. Sonra çıxış üçün sözü bölmənin təlimatçısı Gülnar Tanrıverdiyevaya verdi. O, Beynəlxalq Cenevrə Konvensiyası haqqında hazırladığı prezentasiyanı könüllülərə təqdim etdi. Daha sonra Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı katibi Bayram Vəliyev Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının yaranması, tarixi, tərkib hissələri, fundamental prinsipləri, fəaliyyətləri, Beynəlxalq Cenevrə Konvensiyası və Beynəlxalq Humanitar Hüququn əsasları haqqında könüllülərə geniş məlumat verdi. O, həmçinin, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı cənab Novruz Aslanovun yeni çapdan çıxmış “Mərhəmətin ünvanı” adlı kitabının təqdimatını etdi. İcraçı katib cənab Novruz Aslanovun “Humanitar diplomatiya” adlı kitabından da bəhs edərək, bir sıra maraqlı məqamlara toxundu. Daha sonra o, Cəmiyyətin 2014-cü il üçün olan hesabatı barədə könüllülərə və iştirakçılara məlumat verdi. Bundan sonra könüllülər onları maraqlandıran suallarla Bayram müəllimə müraciət edərək əvəzində dolğun məlumatlar əldə etdilər. Səmərəli keçən görüşdə bölmənin daha fəal könüllü və işçi heyətinə “Ümumdünya Gənclər Günü” münasibətilə təşəkkürnamələr təqdim olundu. Tədbirin sonunda xatirə şəkilləri çəkildi.