Azərbaycan Qızıl Aypara Cəmiyyətinin həyata keçirdiyi iş fəaliyyətində mühüm sənədlərdən biri də “Strateji İnkişaf Planı”dır. AzQAC-ın sayca dördüncü- 2011-2015-ci illəri əhatə edən Strateji Planı Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının 2020 – Strategiyasına uyğun olaraq hazırlanmışdır.
Artıq ilk 5 ili sona çatan Strateji İnkişaf Planı (2011-2015) üzrə həyata keçirilən fəaliyyətlərin hesabatının hazırlanması və növbəti 2016-2020 –ci illəri əhatə edəcək yeni Strateji İnkişaf Planının tərtib olunması məqsədilə yaradılmış Komissiyanın 14.09.2015-ci il tarixində Beynəlxalq Qızıl Xaç Komitəsinin dəstəyi ilə Bakı şəhərində, “Divan Hotel”də ikinci böyük iclası baş tutdu. Geniş tərkibli iclasda AzQAC-ın vitse prezidenti, Komissiyanın sədri Qafar Əsgərzadə, AzQAC-ın Hesabat sektorunun rəhbəri, Komissiyanın məsul katibi Yaqut Hüseynova, Komissiyanın üzvləri – Baş Qərargah işçiləri və Regional Mərkəz/rayon bölmə sədrləri, həmçinin, BQXK-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Denis Duran, Regional əməkdaşlıq üzrə nümayəndə Gregory Le Coq, BQXK və AzQAC arasında əməkdaşlıq üzrə məsul şəxs Rasim Əlləzov iştirak edirdilər.
İclas Komissiyanın sədri Qafar Əsgərzadənin açılış nitqi ilə başladı. Natiq ilk olaraq bütün Komissiya üzvlərini salamladı. Sonra isə 95 il şərəfli tarixi yol keçmiş AzQAC-ın humanitar fəaliyyətnidən, Strateji Plana (2011-2015) daxil olan məqsəd və vəzifələrdən, həyata keçirilməsində üzləşən problemlərdən, qazanılan uğurlardan, eləcə də hazırlanacaq yeni Strtateji Planın (2016-2020) daha təkmil, daha mükəmməl və daha aydın olması ilə bağlı mülahizələrini söylədi.
Daha sonra isə BQXK-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Denis Duran öz fikirlərini Komissiya üzvləri ilə bölüşdü. O, əvvəlcə AQAC-ın vitse-prezidenti Qafar Əsgərzadəyə iclasa dəvət etdiyi üçün öz təşəkkürünü bildirdi. Sonra isə AzQAC-la BQXK-ın sıx əməkdaşlığından və Strateji İnkişaf Plnının qiymətləndirilməsinin Milli Cəmiyyət üçün vacibliyindən söz açdı. O həmçinin, beynəlxalq təcrübəyə əsaslanaraq, öz tövsiyələrini də komissiya üzvlərinin nəzərinə çatdırdı.
İclasda Hesabat sektorunun rəhbəri Yaqut Hüseynova tərəfindən 2011-2015-ci illərdə Strateji Plan üzrə həyata keçirilən fəaliyyətlərin hesabatı təqribi faiz dərəcələri ilə prezentasiya şəklində təqdim olundu. Eyni zamanda nəticələr diaqramla da nümayiş etdirildi və geniş şəkildə müzakirə edildi.
İclas zamanı Regional Mərkəz koordinatorları və rayon bölmə sədrləri də mövcud olan problemlərdən, həyata keçirilməyən fəliyyətlərin səbəblərindən danışdılar və yeni təkliflərin fəaliyyət istiqamətlərində öz əksini tapmasına ümidvar olduqlarını bildirdilər.
Sonda yeni Strateji Plan layihəsinin müzakirəsi üçün, 14.10.2015- ci il tarixində Komissiya üzvləri ilə AzQAC-ın Baş Qərargahında növbəti iclasın keçirilməsi və işçi qrupun bu müddətdə ilkin sənədin layihəsinin hazırlanması qərara alındı.