Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Miqrasiya şöbəsi hər il olduğu kimi bu il də milli bayramımız olan Novruz bayramını qayğıya ehtiyacı olanlarla qeyd edərək bayram sevincini paylaşır. Mərhəmət hissi insanlığın ən çox ehtiyacı olan hissdir və yaxşı ki, belə mərhəmətli insanlarımız var.
AzQAC-nin Sabunçu rayon bölməsinin sədri Elmira Məlikovanın, İcmada Layihələr koordinatoru Mətanət Qaraxanovanın və Miqrasiya şöbəsinin miqrantlara Azərbaycan dili müəllimi Sona Hacıyevanın təşəbbüsü və təşkilatçılığı ilə 16 martda 22 miqrant şagird və 8 valideyn Şirvanşahlar sarayına gəzintiyə aparılmışlar. Gəzinti zamanı muzeyin bələdçisi xanım Tünzalə Əhmədova tərəfindən verilən çox maraqlı və əhatəli tarixi məlumatları əfqan və pakistanlı müdavimlər böyük heyranlıqla dinləmişlər. Milli parkda əyləncəli qatarla bulvarı gəzən şagirdlər istirahət məkanında milli şirniyyat süfrəsinə qonaq edilmişlər.
Növbəti dərslərdən ikisi 15 mart və 18 mart bütövlükdə Novruz bayramına həsr edilmişdir. Sona müəllimə Novruz Bayramının çərşənbələri, adət-ənənələri, tarixiliyi və onun Azərbaycan xalqının həyatındakı yerindən danışdı. O, şərq xalqlarının Novruz adət və ənənələrindən misallar çəkərək bu bayramın xalqlar arasında bir mədəni bağ olduğunu dilə gətirdi.
Tədbirdə Mərkəzin rəhbər işçiləri və qrup liderləri də iştirak edirdilər.
Novruza, bahara, təbiətə aid Azərbaycan,əfqan, ingilis və fars dillərində şerlər oxundu. Tədbir iştirakçılarda çox böyük razılıq yaratdı