Azərbaycan Qızıl Aypara Cəmiyyəti Regional Mərkəzlər və Yerli Bölmələr vasitəsilə ölkədə humanitar, tibbi-sosial sahələri üzrə fəaliyyət göstərən yerli hökumət və QHT-la əməkdaşlıq çərçivəsində əhali arasında mütəmadi geniş xeyriyyə tədbirlərini həyata keçirir. Belə ki, aprel ayının 19-da AzQAC Binəqədi rayonu üzrə Qadınlar Cəmiyyəti ilə birgə Bakı şəhəri Binəqədi, Sabunçu, Nəsimi rayonlarda yaşayan aztəminatlı ailələrdən olan, sağlamlıq imkanları məhdud olan gənc qızlar və qadınlar (miqrantlar daxil olmaqla) üçün xeyriyyə tədbiri təşkil olunmuşdur. Tədbirə cəlb olunanlar üçün yemək süfrəsi hazırlanmışdır. AzQAC-in “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatın 7 Prinsipləri, Milli Cəmiyyətlərin (AzQAC daxil olmaqla) dünyada zavallı insanların ehtiyaclarını nəzərə alıb, onlara qayğı və xidmətləri təşkil etməsi və humanitar yönümlü tədbirlərə xeyriyyəçi insanların cəlb olunmasının əhəmiyyəti barədə məlumatları tədbir iştirakçılarına təqdim etmişdir. O, tədbirin ərsəyə gəlməsində Binəqədi rayon üzrə Qadınlar Cəmiyyətin sədri İradə Hacıyevanın və digər cəlb olunan və fəal iştirak edən insanların fəaliyyətini xüsusilə vurğulamışdı. Bununla yanaşı, tədbirdə iştirak edən AzQAC-in miqrasiya şöbəsinin Azərbaycan dili müəllimi Sona Hacıyeva, Sabunçu Rayon Bölməsinin sədri Elmira Məlikova xeyriyyə tədbirlərin keçirilməsinin ehtiyaclı insanların yaşaması üçün vacib olduğunu vurğulayaraq, çıxış etmişlər. Qadınlar bir birilə xoş söhbət etdilər, musigi dinlədilər. Xoş əhval-ruhiyyədə keçən tədbirin sonunda hər bir iştirakçıya hədiyyə təqdim edilmişdir.