Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı müstəqil, neytral və qərəzsiz bir hərəkatdır. Qəbul olunmuş beynəlxalq razılaşmaya əsasən, hər il May ayının 8-də Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının yaranmasının ildönümü günü kimi qeyd edilir. Həmçinin ölkəmizdə də Hərəkatın yaranma günü qeyd edilir.
Hərəkatın banisi Solferino dəhşətlərindən hədsiz təsirlənərək dünyanın diqqətini yardım cəmiyyətini yaratmağa yönəldən, yaralılara yardım və qayğı göstərilməsinə beynəlxalq səviyyədə razılığa gəlinməsinə nail olan Anri Dünandır Hərəkatın 3 tərkib hissəsi var : Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK), Milli Cəmiyyətlər və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası.
Hərəkatın tərkib hissəsi kimi dünyada hal-hazırda 191 Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri fəaliyyət göstərirlər. Milli Cəmiyyətlər ilk dəfə müharibə qurbanlarının əzablarını yüngülləşdirmək və yaralı əsgərləri sağaltmaq məqsədilə yaradılmışdır.
Bu əlamətdar gün münasibətilə AzQAC-ın baş ofisində Cəmiyyətin prezidenti, Milli Məclisin deputatı cənab Novruz Aslanovun rəhbərliyi ilə iclas keçirildi. İclasda çıxış edən Cəmiyyətin prezidenti Hərəkatın yaranma tarixindən, tərkib hissələrindən və fəaliyyət istiqamətlərindən bəhs etdi. Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) də Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tərkib hissəsi kimi 1920-ci il mart ayının 10-da yaranmış. 1995-ci il noyabr ayının 1-dən Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən rəsmən tanınmış, 25-də isə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının daimi, bərabər hüquqlu, həqiqi üzvü seçilmişdir. İnsanlığın gücünü səfərbər etməklə ehtiyaclı insanlara yardım etmək missiyasını əsas tutan AzQAC haqqında müxtəlif vaxtlarda sərəncamlar imzalanmış, qanun və qərarlar qəbul edilmişdir. Ölkədə dövlətə ən yaxın, ən qocaman humanitar təşkilat olan AzQAC öz fəaliyyətini 99 ildir layiqincə davam etdirir.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Hərəkatın tərkib hissəsi kimi faəliyyətlərinin önəmindən danışdı. AzQAC-ın Hərəkatda artıq donor Cəmiyyətə çevrildiyindən söhbət açdı.
Natiq çıxışında humanitar sahədə beynəlxalq yardım kampaniyalarının təşkil edilməsində AzQAC-ın fəallıq göstərdiyini söylədi. Hal-Hazırda davam edən İranda daşqın nəticəsində zərərçəkmişlərə və Əfqanıstanda quraqlıqdan və aclıqdan əziyyət çəkən insanlara humanitar ianə toplanması kampaniyalarından danışdı. Kampaniyaların uğurla davam etdiyindən bəhs etdi.